SDU –nun “Brend tələbə”ləri mükafatlandırılıb
Dekabrın 11-də AzEdu.az Təhsil Portalı və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə SDU-da təhsil alan “Brend tələbə”lər təltif ediliblər. Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, müxbir Esmira Əliyeva, universitetin struktur heyəti və “Brend tələbə” statusuna layiq görülmüş tələbələr iştirak ediblər. Mükafatlandırma mərasimində çıxış edən SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov AzEdu.az Təhsil Portalı ilə ali təhsil müəssisələrinin birgə həyata keçirdiyi layihənin əhəmiyyətini vurğulayıb. Bildirib ki, "Brend tələbə" statusu daşıyan gənclər liderlik bacarıqları, fəallıqları və təşəbbüskarlıqları ilə seçilirlər. Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin liderlik nümunəsi bütün gənclər üçün örnəkdir və bu dəyərlər bu gün də Azərbaycan gəncliyinin formalaşmasında mühüm rol oynayır. Elmar Xəlilov onu da vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qələbə qazandıran qəhrəman gənclərimiz də əsl liderlik nümunəsi nümayiş etdiriblər. Bu baxımdan, “Brend tələbə” layihəsi gənclərin həm intellektual, həm sosial, həm də mənəvi inkişafına töhfə verən mühüm təşəbbüsdür. Tədris Metodiki Mərkəzin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elnarə Məmmədova çıxış edərək bu təşəbbüsün qürurverici olduğunu bildirib. Vurğulayıb ki, tələbə yalnız elm və təhsil sahəsində nəticələr əldə etməklə kifayətlənməməli, həm də universitetin sosial həyatında fəal mövqe nümayiş etdirməlidir. “Brend tələbə” adına layiq görülmək üçün yüksək akademik göstəricilər əldə etmək ilk mərhələdir. Direktor əminliklə ifadə edib ki, seçilən tələbələr gələcək fəaliyyətlərində də universitetin adını fəxrlə və yüksək məsuliyyətlə təmsil edəcək, uğurları ilə seçiləcəklər. Sonra AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edərək vurğulayıb ki, minlərlə tələbə arasından seçilmək həm böyük qürur hissi, həm də ciddi məsuliyyətdir. Bildirib ki, artıq üç ildir AzEdu.az bu layihəni uğurla həyata keçirir. Layihənin ilk mərhələlərində 20 universitet iştirak edirdisə, bu il həmin rəqəm 29 ali təhsil müəssisəsinə yüksəlib. Onu da əlavə edib ki, portalın qarşıdakı əsas hədəfi ölkənin bütün universitetlərini bu təşəbbüs ətrafında bir araya gətirmək və layihənin miqyasını daha da genişləndirməkdir. Daha sonra isə “Brend tələbə”lərə təltifnamələr təqdim olunub. Sonda “Brend tələbə”lərdən universiteti təmsil edəcək xüsusi nümayəndə müəyyənləşdirilib.