SDU-da payız semestrinin imtahan sessiyasına başlanılıb
Sumqayıt Dövlət Universitetində (SDU) 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılıb. İmtahan sessiyası beş həftə müddətində davam edəcək. İmtahanlar SDU-nun tədris binalarında, bir növbəli qaydada (saat 09:00), hər imtahan üçün 3 saat vaxt ayrılmaqla keçirilir. Universitetdə mütəxəssis hazırlığının çoxprofilli xarakteri nəzərə alınaraq imtahanlar müxtəlif formalarda: yazılı, şifahi, praktik tapşırıq, test, açıq tipli məntiqi və situativ suallar, eləcə də kompüter vasitəsilə onlayn rejimdə təşkil olunur. Payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən üzrlü səbəblərdən kredit borcu olan tələbələr üçün 3-5 fevral, təkrar imtahanlarda iştirak edəcək tələbələr üçün isə 6-14 fevral tarixlərində əlavə imtahanlar keçiriləcək. İmtahan sessiyasının gedişinə nəzarət, o cümlədən şəffaflığın təmin olunması məqsədilə Apellyasiya Komissiyası və İmtahan Qərargahı fəaliyyət göstərir. Qeyd edək ki, bir gün ərzində 6 fakültə üzrə 83–84 imtahanın təşkili həyata keçirilir.