Fevralın 4-də Qazaxıstan Respublikasının Xalel Dosmuxamedov adına Atırau Universitetində “Qazaxıstan və Azərbaycan arasında universitetlərarası əməkdaşlıq: Regional aspekt” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. Tədbir Azərbaycan və Qazaxıstan arasında təhsil, elm, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə təşkil olunub.
Beynəlxalq dəyirmi masada Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov onlayn formatda iştirak edib. O, çıxışında Azərbaycan və Qazaxıstan universitetləri arasında əməkdaşlığın genişləndirilməsinin strateji əhəmiyyətini vurğulayaraq, birgə elmi tədqiqatların, akademik mübadilə proqramlarının və qarşılıqlı təşəbbüslərin ali təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib. Əminağa Sadıqov bu cür beynəlxalq platformaların universitetlər arasında davamlı tərəfdaşlığın formalaşmasına və regional elmi potensialın gücləndirilməsinə xidmət etdiyini bildirib.Xalel Dosmuxamedov adına Atırau Universitetinin rektoru Salamat İdrisov çıxışında Azərbaycan və Qazaxıstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın strateji əhəmiyyətini qeyd edib, bu tərəfdaşlığın regional inkişaf üçün mühüm amil olduğunu bildirib.
Dəyirmi masada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan beynəlxalq təqaüd proqramının laureatları da iştirak ediblər. Bildirilib ki, 2012-ci ildən etibarən Atırau Universitetinin 70 tələbəsi bu nüfuzlu təqaüdə layiq görülüb ki, bu da iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın uğurlu nəticələrinin bariz göstəricisidir.
Tədbir çərçivəsində hazırda Sumqayıt Dövlət Universiteti (SDU) ilə Qazaxıstan Respublikasının Xalel Dosmuxamedov adına Atırau Dövlət Universiteti arasında həyata keçirilən akademik mübadilə proqramı çərçivəsində Qazaxıstanda səfərdə olan SDU-nun Biznesin idarə edilməsi kafedrasının professoru Şəfa Əliyev və Tarix, coğrafiya və metodika kafedrasının dosenti Yusifəli Həsənov çıxış ediblər. Şəfa Əliyev Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin müasir strateji aspektlərinə həsr olunmuş geniş təqdimatla çıxış edərək iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivlərini təhlil edib. Yusifəli Həsənov isə Azərbaycan və Qazaxıstan arasında təhsil və elm sahəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edərək, beynəlxalq Heydər Əliyev təqaüd proqramının uzunmüddətli, davamlı və uğurlu bir əməkdaşlıq modeli kimi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Atırau vilayətinin Daxili Siyasət Departamentinin “İctimai Razılıq” Bələdiyyə Müəssisəsinin rəhbəri Ləzzat Jılkişiyeva da regional beynəlxalq əməkdaşlığın sosial harmoniyanın möhkəmləndirilməsindəki rolundan danışdı.
Atırau Universitetinin fəxri professoru Eldar Əhmədov iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına etnomədəniyyət təşkilatlarının töhfəsini vurğulayıb.
Beynəlxalq dəyirmi masa qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb, iştirakçılar universitetlərarası əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində bir sıra konkret təkliflər irəli sürüblər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.png)
.jpg)
.png)
.jpg)
.jpg)
.jpg)