Fevralın 20-də Sumqayıt Dövlət Universitetində (SDU) Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri” layihəsi çərçivəsində nəşr edilən “Qəlb cəbhəsi” kitabının təqdimatı olub.
İştirakçılar tərəfindən 1970-ci ildə Sumqayıt şəhərində anadan olan, 1992-ci ildə könüllü olaraq I Qarabağ müharibəsinə yollanan, Ağdərədə aşkar olunan kütləvi məzarlıqdakı nəşi müəyyən olunaraq fevralın 20-də Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilən Mehriban Qarayevanın və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov açıb.Vətən müharibəsi iştirakçılarını SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və kollektiv adından salamlayan prorektor tələbələrin hərbi-vətənpərvərlik tərbiyəsində müstəsna rol oynayan tədbirin əhəmiyyətini qeyd edib: “Müəlliflər sırasında universitetimizin məzunlarının olması bizi qürurlandırır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin qazandığı Zəfərin təntənəsini yaşayan xalqımızın tarixində 44 günlük müharibə əbədi yaşayacaq”.
Yaradıcı insanların bu tarixin gəncliyimizə stimul verdiyini qeyd edən Elmar Xəlilov bütöv Azərbaycana aparan yolda bugünkü tələbələrin ən böyük silahının qazandıqları biliklər olacağına əminliyini bildirib.
SDU İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Baş mütəxəssisi Şükür Əliyevin moderatorluğu ilə davam edən tədbirdə söz DGTYB İdarə Heyətinin sədri İntiqam Yaşara verilib. O, Vətən müharibəsi iştirakçısı olan şair və yazıçıların əsərlərindən ibarət kitabın SDU tələbələrinin zövq və ruhuna cavab verəcəyinə inandığını qeyd edib.
Sonra 44 günlük Vətən müharibəsinin iştirakçısı şairləri Vüsal Hətəmov, Emin Piri, Elvin İntiqamoğlu çıxış edərək cəbhə xatirələrindən danışıb və onlar xatirələrin poetik tərənnümü olan cəbhə şeirlərini söyləyiblər.
Universitetimizin qaziləri, Riyaziyyat fakültəsinin tələbəsi, peşəkar hərbçi kimi 44 günlük müharibədə müxtəlif rayonlarımızın azad edilməsində iştirak edərək Şuşa qələbəsinədək gedən Rahid Xəlilov, Təbiət elmləri fakültəsinin tələbəsi Hüsü Sarıyev çıxış ediblər.
Filologiya fakültəsinin tələbələri Kənan Həsən Kürün "Cəbhədən məktub", Aydan Kərəm Aydının "Peşiman olmuşlar", Zakir Nurlan Qasımovun yazdığı şeiri, Xədicə isə "Qərənfil" şeirini səsləndiriblər.
Daha sonra tədbir tələbələrin qonaqlarla apardığı ədəbi diskussiyalarla davam edib.
Diskussiyalarda fərqlənən tələbələrin DGTYB-nin “Təşəkkürnamə”ləri ilə təltifi ilə davam edən tədbir imza mərasimi ilə başa çatıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)