Sumqayıt Dövlət Universitetinin 5 tələbəsinə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub
Sumqayıt Dövlət Universitetinin (SDU) 5 tələbəsi “Həmkarlar ittifaqı təqaüdü”nə layiq görülüb. Təqaüd Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təhsildə yüksək nəticələri və tələbə həmkarlar ittifaqı hərəkatında fəallığı ilə seçilən tələbələrə təqdim olunub. Mükafatlandırma mərasimində konfederasiyanın rəhbərliyi, ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda Ulu Öndərin təməlini qoyduğu gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Qeyd edilib ki, ölkədə gənclərin potensialının üzə çıxarılması, onların sosial müdafiəsinin gücləndirilməsi və keyfiyyətli təhsilə çıxış imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın gənc nəslin inkişafına verdiyi töhfələrin və Heydər Əliyev Fondunun təhsil və digər sahələrdə reallaşdırdığı layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, “Həmkarlar ittifaqı təqaüdü” proqramı yüksək akademik göstəriciləri və ictimai fəallığı ilə seçilən tələbələr üçün mühüm stimul rolunu oynayır. 2024–2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən respublika üzrə ümumilikdə 250 tələbə bu təqaüdə layiq görülüb. Təqaüd alanlar arasında SDU-nun Riyaziyyat fakültəsinin tələbələri Zərifə Səmədzadə və Gülçin Həşimova, Mühəndislik fakültəsinin tələbəsi Məmməd Əliyev, Tarix və coğrafiya fakültəsinin tələbələri Aytən Əhmədova və Elnur Əsgərov da yer alıblar.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)