SDU tələbələri Türkiyənin Çağ Universitetinin simulyasiya dərslərində iştirak edir
Sumqayıt Dövlət Universiteti ilə Çağ Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən və SDU-nun Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin təşkilatçılığı ilə universitetin tələbələri beynəlxalq akademik təşəbbüsdə iştirak edirlər. Belə ki, SDU-nun Tarix və coğrafiya fakültəsinin politologiya ixtisası üzrə təhsil alan 2-ci kurs 876-cı qrupun 6 tələbəsi Çağ Universitetinin Beynəlxalq əlaqələr fakültəsi tərəfindən təşkil olunan beynəlxalq münasibətlər üzrə simulyasiya dərslərinə qoşulub. Proqram 2025–2026-cı tədris ilinin yaz semestrində həyata keçirilir və tələbələrin beynəlxalq münasibətlər sahəsində praktiki bilik və bacarıqlarının inkişafına yönəlib. Simulyasiya dərsləri Dr. İlke Ulutaş tərəfindən aparılır və 10 həftə ərzində onlayn formatda xüsusi simulyasiya platforması olan Statecraft tətbiqi üzərindən keçirilir. Dərslər çərçivəsində tələbələr beynəlxalq münasibətlər sahəsində müxtəlif siyasi və diplomatik situasiyaların modelləşdirilməsi, qərar qəbuletmə prosesləri və qlobal siyasətin dinamikası ilə tanış olur, praktiki müzakirələrdə iştirak edirlər. Qeyd edək ki, proqramın sonunda tələbələrə sertifikatlar təqdim olunacaq.
.jpg)
.jpg
)
.jpg)