Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Riyaziyyat fakültəsində “Möcüzəvi Pi ədədi” adlı tədbir keçirilib
Yerləşdirilmə tarixi : 13 Mart 2026 12:38
Riyaziyyat fakültəsində “Möcüzəvi Pi ədədi” adlı tədbir keçirilib
Martın 13-də Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsində Beynəlxalq “Pi (π)” Gününə həsr olunmuş “Möcüzəvi Pi ədədi” adlı tədbir keçirilib. Tədbir fakültə üzrə Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutub. Tədbiri fakültə dekanı, dosent Xalidə Həsənova açaraq iştirakçıları salamlayıb. O, çıxışında “Pi” Gününün yaranma tarixi, ədədin riyaziyyatda və elmdəki əhəmiyyəti barədə danışıb. Bildirib ki, Pi ədədi riyaziyyat aləmində olduqca geniş istifadə olunan və sirrlərlə dolu məşhur sabitlərdən biridir. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə qurumu olan UNESCO 2019-cu ildə Paris şəhərində keçirilən iclasda hər il 14 mart tarixinin Beynəlxalq Riyaziyyat Günü kimi qeyd edilməsi haqqında qərar qəbul edib. Bu tarix eyni zamanda riyaziyyatçılar tərəfindən hər il Beynəlxalq “Pi” Günü kimi də qeyd olunur. Vurğulayıb ki, fakültə tərəfindən hər il keçirilən belə tədbirlər tələbələrin riyaziyyata olan marağını artırmaqla yanaşı, onların elmi biliklərinin və yaradıcılıq potensialının inkişafına da töhfə verir. Tədbir zamanı tələbələr tərəfindən “Pi”ədədinin tarixi, onun müxtəlif elmi sahələrdə tətbiqi və riyaziyyatdakı mühüm rolu haqqında maraqlı təqdimatlar edilib. Proqram çərçivəsində π ədədinin rəqəmlərinə uyğun hazırlanmış melodiyanın pianino ifası təqdim olunub. Bundan əlavə, π mövzusunda hazırlanmış film nümayiş etdirilib. Ardınca fakültənin dosentləri Məhəmmədəli Məmmədov və İlqar Məmmədov π ədədinin möcüzələri haqqında müxtəlif araşdırmalar apararaq maraqlı nümunələr təqdim ediblər. Onlar misallar üzərində π ədədinin sonsuz və dövrsüz onluq kəsr olduğunu, yəni onun onluq yazılışının sonsuza qədər davam etdiyini və heç bir rəqəm ardıcıllığının təkrar olunaraq dövr yaratmadığını izah ediblər.
 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az