Sumqayıtdakı Gənclər Evində “Ekoloji təhlükəsizlik” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbir Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil olundu.
Öncə tədbir iştirakçıları Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tələbə Gənclər Təşkilatının sədr müavini Eldar Müzəffərov son günlər cəbhə bölgəsində baş verən hadisələrdən danışaraq bildirib ki, bu günlərdə cəbhə xəttində baş verən hadisələrdə Azərbaycan ordusu və Azərbaycan gəncliyi əzmkarlığını nümayiş etdirdi. Bu hadisə Azərbaycan ordusu nəyə qadir olduğunu, xalqımızın monolitliyini, Ali Baş Komandanın ətrafında sıx birləşməsini, Azərbaycan gəncliyinin mübarizliyini və vətənpərvərliyini bir daha təsdiqlədi.
Gənclərimizin nümayiş etdirdikləri vətənpərvərlik tədqirəlayiqdir və bu onu göstərir ki, Azərbaycan gəncliyi işğal olunmuiş torpalarımızı azad etməyə tam hazırdır.
Sonra Tələbə Gənclər Təşkilatının sədri Elvin Gülməmmədov, İdman Baş İdarəsinin məsləhətçisi Ceyhun Hüseynov “Ekoloji təhlükəsizlik” mövzusunda çıxış edərək gənclərin ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi və ətraf mühitin mühafizəsinə cəlb olunması məqsədindən danışdılar. Tədbir çərçivəsində gənclər arasında ətraf mühitin mühafizəsinin vacibliyini təbliğ edən film nümayiş olundu. Həmçinin iştirakçılara ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə edilən təbiət ərazilərinin inkişafı, dövlətin ekoloji siyasəti, iqlim dəyişiklikləri haqqında ətraflı məlumatlar verildi.
Mətbuat xidməti