Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş görüş keçirilib
Yerləşdirilmə tarixi : 02 Aprel 2026 18:53
Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş görüş keçirilib
Aprelin 2-də Sumqayıt Dövlət Universitetində 2016-cı ilin Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş xatirə görüşü təşkil olunub. Tədbir Sumqayıt Dövlət Universiteti və “Vətən Fədailəri” layihəsinin rəhbəri Manya Səxavətqızı tərəfindən birgə həyata keçirilib. Tədbir universitetin qarşısında yerləşən Şəhidlər abidəsinə gül qoyulması ilə başlayıb. Daha sonra açılış mərasimi çərçivəsində Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edən Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov 2016-cı ilin aprelində baş vermiş hərbi əməliyyatların əhəmiyyətindən bəhs edib. Azərbaycan ordusunun gücünün, xalqın sarsılmaz birliyinin və yüksək vətənpərvərlik ruhunun bütün dünyaya nümayiş olunduğunu vurğulayıb. Bildirilib ki, Aprel qələbəsi Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, Ali Baş Komandanın sərkərdəlik qabiliyyəti və Silahlı Qüvvələrimizin peşəkarlığı sayəsində mümkün olub. Uğurlu hərbi əməliyyatlar nəticəsində bir sıra strateji əhəmiyyətli ərazilər- Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Suqovuşan istiqamətində mühüm mövqelər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, həmçinin Goranboy rayonunun Gülüstan kəndi işğaldan azad edilib və qazanılan nəticələr Azərbaycanın gələcək zəfərlərinin əsasını qoyub. Çıxış edən “Vətən Fədailəri” layihəsinin rəhbəri Manya Səxavətqızı layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər, şəhid ailələrinə göstərilən diqqət, həyata keçirilən sosial layihələr, nəşr olunan kitablar barədə ətraflı məlumat verib. O, şəhidlərin xatirəsinin yaşadılmasının hər bir vətəndaşın müqəddəs borcu olduğunu vurğulayıb və bu yolda layihənin genişlənməsinin, ictimaiyyətin fəal iştirakının vacibliyini diqqətə çatdırıb. Manya Səxavətqızı həmçinin layihə çərçivəsində gənclərlə təşkil olunan təlimlər, dəyirmi masalar və xatirə kitablarının hazırlanması kimi fəaliyyətlərin şəhid ailələrinin ruh yüksəkliyinə dəstək olduğunu və milli yaddaşın qorunmasında mühüm rol oynadığını qeyd edib. Tədbir çərçivəsində şəhidlərə həsr olunan videoçarxda Vətən uğrunda canlarından keçən qəhrəmanların igidliyi, şücaəti və döyüş yolundakı fədakarlıqları dolğun şəkildə əks olunub. SDU-nun məzunu şəhid Mikayıl Vahabzadənin anası Rumiyyə Vahabzadə çıxışında oğlunun qəhrəmanlıq yolundan danışıb. Şəhid Şahmar Quliyevin həyat yoldaşı Gülnarə Quliyeva isə çıxışında qəhrəmanla bağlı xatirələrini bölüşüb. Daha sonra tədbirin bədii hissəsində tələbələr Aydan Məmmədova və İbrahim Alməmmədli Manya Səxavətqızının şəhidlərə həsr etdiyi şeirləri səsləndiriblər.
Tədbirin sonunda Manya Səxavətqızı şəhidlərimizə həsr olunan əsərlərini universitet kitabxanasına hədiyyə edib. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az