Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU tələbələrinin pedaqoji və istehsalat təcrübələri davam edir
Yerləşdirilmə tarixi : 03 Aprel 2026 11:27
SDU tələbələrinin pedaqoji və istehsalat təcrübələri davam edir
Sumqayıt Dövlət Universitetində tələbələrin peşəkar hazırlığının gücləndirilməsi və onların nəzəri biliklərinin praktik fəaliyyətlə möhkəmləndirilməsi məqsədilə tədris prosesinin ayrılmaz tərkib hissəsi olan istehsalat, pedaqoji və elmi-tədqiqat təcrübələrinin təşkili xüsusi əhəmiyyət daşıyır. Universitet tərəfindən həyata keçirilən bu təcrübə proqramları tələbələrin ixtisaslarına uyğun real iş mühiti ilə tanış olmalarına və gələcək peşə fəaliyyətinə hazırlanmasına xidmət edir.
2025/2026-cı tədris ilində Sumqayıt Dövlət Universitetində (SDU) IV və V kurslarda təhsil alan ümumilikdə 1124 tələbə müxtəlif müəssisə və təşkilatlarda təcrübə yerləri ilə təmin olunub. Statistik göstəricilərə əsasən həmin tələbələrdən 547 nəfər pedaqoji, 481 nəfər istehsalat, 196 nəfər isə elmi-tədqiqat təcrübəsində iştirak edir. Bu bölgü universitetdə müxtəlif ixtisas istiqamətləri üzrə praktik hazırlığın sistemli şəkildə təşkil olunduğunu göstərir. Qeyd edək ki, texniki və mühəndislik istiqamətləri üzrə təhsil alan tələbələrin istehsalat təcrübələri əsasən ölkənin aparıcı sənaye və texnologiya müəssisələrində təşkil edilir. Bu müəssisələr sırasında “SOCAR Polymer” MMC, “SOCAR Karbamid” Zavodu, “Azərikimya” İstehsalat Birliyi, “Binəqədi Oil Company”, “CyberNet”, “Aztelekom” MMC, “Qartal Tikinti”, “Fuad” MMC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ, “Azərişıq” ASC-nin Nəqliyyat və Logistika Mərkəzi, “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC, ARDNŞ-nin Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutu, “Mining International Company”, “CODE Academy”, “TECHNOCARE” MMC, Heydər Əliyev adına Neft Emalı Zavodu, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Polo Travel” MMC və “Sumqayıt Plaza Hotel” kimi müəssisələr yer alıb. Elmi-tədqiqat istiqamətində təhsil alan tələbələrin təcrübələri isə əsasən ölkənin aparıcı elmi müəssisələrində təşkil olunur. Bu istiqamətdə akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Azərbaycan Metrologiya İnstitutu, Fizika İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Polimer Materialları İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu həmçinin United Center Reabilitasiya və İnkişaf Mərkəzi, “Qüsursuz Nitq” Mərkəzi, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Riyaziyyat İnstitutu kimi elmi-tədqiqat müəssisələr təcrübə bazası kimi çıxış edir. Humanitar və sosial istiqamətlər üzrə, xüsusilə Tarix və coğrafiya ixtisaslarında təhsil alan tələbələrin təcrübələri əsasən dövlət idarəetmə və ictimai təşkilatlarda təşkil olunur. Bu çərçivədə tələbələr müxtəlif şəhər və rayon icra hakimiyyətlərində, yerli idarəetmə orqanlarında, Yeni Azərbaycan Partiyasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətində, Dövlət Məşğulluq Agentliyində, Abşeron Xızı Regional Məşğulluq filialında, Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı regional filialında həmçinin Sumqayıt şəhər Tarixi Muzeyində təcrübə keçirlər. Pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin pedaqoji təcrübələri isə ümumtəhsil müəssisələrində təşkil edilir. Bu istiqamətdə tələbələr “Dünya Məktəbi”, “Hədəf Liseyi”, “Kaspi Liseyi”, “Zirvə Liseyi” eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər ümumtəhsil məktəbləri və liseylərində pedaqoji təcrübə keçirlər. Nəticə olaraq universitetin müxtəlif müəssisə və təşkilatlarla qurduğu əməkdaşlıq isə tələbələrin praktik hazırlıq imkanlarını genişləndirərək onların gələcək peşə fəaliyyətinə uğurlu başlanğıc üçün əlverişli şərait yaradır. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az