Sumqayıt Dövlət Universitetində şagirdlər üçün “Açıq qapı” günlərinə start verilib
Sumqayıt Dövlət Universiteti (SDU) abituriyentlərlə əlaqələrin gücləndirilməsi və onların ali təhsil seçimində düzgün istiqamətləndirilməsi məqsədilə “Açıq qapı” günlərinə start verib. Aprelin 9-da universitetdə Sumqayıt şəhərində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün görüş keçirilib. Universitetin Böyük Akt zalında baş tutan tədbirdə iştirakçılara universitetin tədris, elmi və sosial həyatı haqqında ətraflı məlumat verən videoçarx nümayiş olunub. SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov iştirakçıları salamlayaraq şəhərin yeganə ali təhsil müəssisəsi olan universitetin zəngin inkişaf yolu, müasir maddi-texniki bazası, geniş beynəlxalq əməkdaşlıq əlaqələri, elmi və tədris sahəsində əldə etdiyi nailiyyətlər, eləcə də tələbələr üçün yaradılmış əlverişli təhsil və sosial mühit barədə ətraflı məlumat verib. Bildirib ki, universitetin dayanıqlı və uzunmüddətli inkişafının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. SDU beynəlxalq reytinqlərdə, xüsusilə QS reytinqində mühüm irəliləyişlər əldə edib ki, bu da universitetin artan akademik nüfuzunu əks etdirir və ölkəmizdə təhsil sisteminin əlçatanlığının və davamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən layihələrin nəticəsidir. Elmar Xəlilov çıxışının sonunda şagirdlərə düzgün ixtisas seçimi ilə bağlı dəyərli tövsiyələrini verib. Sonra SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev təqdimatla çıxış edərək tələbə və məzunların gələcək karyera inkişafı istiqamətində müvafiq təşkilat və müəssisələrlə qurulan əməkdaşlıqlardan, ixtisas seçimi imkanlarından, təqaüd proqramlarından, eləcə də tələbələr üçün nəzərdə tutulmuş sosial və akademik dəstək mexanizmlərindən, yataqxana təminatı və digər imkanlardan bəhs edib. Görüş çərçivəsində abituriyentləri maraqlandıran suallar cavablandırılıb, onlara ali təhsil sistemi ilə bağlı ətraflı izahatlar verilib.Daha sonra şagirdlər universitetlə yaxından tanış olmaq məqsədilə Heydər Əliyev Mərkəzində, müxtəlif fakültə, auditoriya və laboratoriyalarda və Kitabxana İnformasiya Mərkəzində olublar.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg
)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)