Sumqayıt Dövlət Universitetində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Aprelin 10-da Sumqayıt Dövlət Universitetində (SDU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrası və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Bir tələbə - bir abidə” layihəsi çərçivəsində “Tarixi irsin qorunması və davamlı turizm” mövzusunda elmi-praktik konfrans keçirilib. Əvvəlcə universitetin foyesində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun böyük elmi işçisi Səmra Hacıyeva tərəfindən təşkil olunan “Mədəni irsin qorunmasında müasir çağırışlar” adlı sərgiyə baxış keçirilib. Sonra Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Ellada Zərgərovanın aparıcılığı ilə keçirilən tədbir Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransda SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış edərək qonaqları və iştirakçıları salamlayıb. O, Sumqayıt Dövlət Universiteti ilə “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu arasında qurulan əməkdaşlığın uğurla davam etdiyini vurğulayaraq, bu tərəfdaşlığın elmi-tədqiqat və maarifləndirmə baxımından əhəmiyyətini qeyd edib. Prorektor konfransın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib və belə təşəbbüslərin gənclərin tarixi irsə marağının artırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Vurğulayıb ki, ixtisasından asılı olmayaraq, hər bir şəxs öz xalqının tarixini dərindən bilməli, onu qoruyub inkişaf etdirməli və gələcək nəsillərə düzgün şəkildə ötürməlidir. Sonra “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru v.m.i.e Günel Pirquliyeva çıxış edərək rəhbərlik etdiyi qoruğun fəaliyyəti, ərazidə yerləşən abidələr və bu istiqamətdə həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, qoruq Azərbaycanın şimal-şərq bölgəsində, Şabran və Siyəzən rayonlarının ərazisində yerləşməklə, zəngin tarixə malik 7 abidəni özündə birləşdirir. Qoruq həm tarixi-mədəni irsin qorunması, həm də turizmin inkişafı və elmi araşdırmaların aparılması baxımından mühüm əhəmiyyətə malikdir. Konfransda Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “Tarixi-mədəni irsin qorunması və davamlı turizmin inkişafında dövlət siyasəti və müasir yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İlk Tunc dövrü arxeologiyası şöbəsinin müdiri, qoruğun aparıcı elmi işçisi, dosent Səfər Aşurov “Tarixi abidələr və onların əhəmiyyəti”, baş fond mühafizi Vüsalə Bəbirova isə ““Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun fəaliyyəti haqqında” mövzularında çıxış edərək tarixi-mədəni irsin qorunması, abidələrin öyrənilməsi və qoruğun fəaliyyəti istiqamətində görülən işlər barədə fikirlərini bölüşüblər. Tədbir çərçivəsində Sumqayıt Dövlət Universiteti ilə “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu arasında əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər birgə layihələrin həyata keçirilməsi, ustad dərslərinin təşkili, yay məktəblərinin keçirilməsi və digər perspektiv fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. Qeyd ediblər ki, belə əməkdaşlıqlar tələbələrin praktiki biliklərinin artırılmasına, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinə və tarixi-mədəni irsin daha dərindən öyrənilməsinə mühüm töhfə verir. Daha sonra Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev çıxış edərək universitet ilə “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu arasında əməkdaşlıq çərçivəsində qarşılıqlı görüşlərin və birgə təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)