Riyaziyyat fakültəsində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi-praktik tədbir keçirilib
Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsi və fakültə üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Şəhərsalma və memarlıqda riyaziyyat və informasiya texnologiyalarının rolu” mövzusunda elmi-praktik tədbir keçirilib. Tədbir fakültə üzrə THİK-in sədri Pəri Talıblının moderatorluğu ilə keçirilib. Tədbirdə Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova açılış nitqi ilə çıxış edərək bildirib ki, müasir dövrdə şəhərlərin inkişaf dinamikası, dayanıqlı urbanizasiya prosesləri, səmərəli planlaşdırma və innovativ memarlıq həllərinin tətbiqi riyazi modelləşdirmə, rəqəmsal texnologiyalar və informasiya sistemləri ilə sıx bağlıdır. O, bu istiqamətdə həyata keçirilən işlərdən, elmi yeniliklərdən və gələcək inkişaf perspektivlərindən bəhs edərək, bugünkü tədbirin mövzusunun həm elmi, həm də praktik baxımdan olduqca aktual əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Sonra fakültə üzrə TEC-in sədri Zərifə Səmədzadənin təqdimatında Bakı şəhərinin 1930, 2026 və 2100-cü illərdə inkişaf mərhələlərini əks etdirən videoçarx nümayiş olunub. Təqdimatda paytaxtın keçdiyi tarixi inkişaf yolu və gələcəkdə gözlənilən şəhərsalma perspektivləri vizual şəkildə iştirakçıların diqqətinə çatdırılıb. Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının baş müəllimi Səbinə Qurbanova “Şəhər planlaşdırılmasında informasiya texnologiyalarının tətbiqi”, Riyazi analiz və diferensial tənliklər kafedrasının dosenti İlqar Səfərli “Şəhər nəqliyyat sistemlərinin optimallaşdırılmasında riyazi modellər” mövzularında təqdimatla çıxış ediblər. Onlar çıxışlarında ağıllı şəhər modellərinin və müasir proqram təminatlarının şəhər idarəçiliyində mühüm rolunu, şəhər planlaşdırılmasında real tətbiq imkanlarını, şəhər nəqliyyatının səmərəli təşkilini, hərəkət axınının optimal şəkildə tənzimlənməsini, eləcə də logistika proseslərinin təkmilləşdirilməsində riyazi modellərin əhəmiyyətini vurğulayıblar. Fakütə üzrə TGT-nin sədri Çinarə Osmanova “Gələcəkdən gəlmiş memar” mövzusunda çıxış edib. Tədbirin sonunda mövzu ətrafında maraqlı fikir mübadiləsi aparılıb, şəhərsalma və memarlıq sahəsində riyaziyyatın, innovativ yanaşmaların və informasiya texnologiyalarının tətbiqi ilə bağlı təkliflər irəli sürülüb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)