Aprelin 27-də Sumqayıt Dövlət Universitetində “İqtisadiyyatın davamlı inkişafı: problemlər, prespektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.Konfrans ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olundu.
Təhsil Nazirliyinin təşəbbüsü, Sumqayıt Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfransda Azərbaycan universitetləri ilə yanaşı, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı universitetlərinin alimləri o cümlədən, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev də iştirak etdilər.
Öncə universitetin rektoru, professor Elxan Hüseynov qonaqları salamladı, universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi və ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram, layihələr barədə məlumat verdi. Dəyirmi masa ətrafında elmin, təhsilin inkişafına dair birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Konfransın plenar iclasını rektor Elxan Hüseynov açaraq qeyd etdi ki, universitetimiz 2015-ci ildən Azərbaycan tərəfdən Azərbaycan - Rusiya Universitetləri Assosiasiyasının həmsədridir, elmi əlaqələrimiz günü-gündən genişlənir, hazırda bir çox ali məktəblərdə müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atılır. Bu gün də Sumqayıt Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalandı. İnanıram ki, əməkdaşlığımız milli təhsilimizə öz töhfəsini verəcək.
Rektor onu da qeyd etdi ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyat sahəsinə xüsusi diqqət ayırmışdır, onun bilavasitə rəhbərliyi və nəzarəti ilə aparılan uğurlu siyasət bu gün də öz müsbət nəticəsini verir, Heydər Əliyev nəinki elmi, ictimai, siyasi, həm də iqtisadi sahədə kifayət qədər həlledici addımlar atmış, bir sözlə Azərbaycan iqtisadiyyatının inkişafında böyük və müstəsna rolu olan əvəzsiz şəxsiyyətdir. Heydər Əliyevin özünün də vurğuladığı kimi, “Əsrin müqaviləsi” nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarının qapılarını dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaqlar”.“Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycan Respublikasının İqtisadi İnkişaf Konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənilib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmuşdur. Davamlı və dinamik inkişafı özündə ehtiva edən, özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır və yeni-yeni uğurlara imza atır. Onun rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov konfransın əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni iqtisadi yüksəliş başladı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, Ulu Öndər digər sahələrdə olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaratdı. Bu mərhələdə ilk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasət formalaşdı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi nəticəsində keçid dövrünü yaşamış hər bir ölkə kimi dövlətimiz güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanaraq əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilmişdir. Neftin dünya bazarında qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycan qlobal böhranın ən şiddətli, xoşagəlməz dövründə belə mühüm nailiyyətlər qazandı.
Professor Ədalət Muradov bildirdi ki, təkcə neft, qaz yox, təhsil, insan kapitalı cəmiyyətin, dövlətin inkişafında əsas rol oynayır. Bu gün ali təhsil müəssisələrinin qarşısında duran hədəflərdən biri məhz savadlı və təcrübəli mütəxəssislər hazırlamaqdır və bu istiqamətdə də ADİU dünyanın bir çox ali təhsil müəssisələri ilə müəllim-tələbə mobilliyi, ikili diplomların verilməsi istiqamətində uğurlu işlər aparır, Sumqayıt Dövlət Universiteti ilə bağladığımız əməkdaşlıq müqaviləsi tələbələrimizin ixtisaslı kadr kimi yetişməsində mühüm rol oynayacaq. Belə konfransların keçirilməsi gələcək iqtisadçıların yetişməsində öz bəhrəsini verəcək.
"Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin üzvü Muxtar Babayev dedi ki, iqtisadiyyatın bütün sahələrində aparılan islahatlarının müsbət nəticələri bir daha ulu öndərin müəyyən etdiyi iqtisadi siyasətin düzgünlüyünü sübut edir.
Türkiyənin Dokuz Eylül Universitetinin professoru Receb Kök, Rusiya Dövlət İdarəetmə Universitetinin professoru Sergey Qarnik, Moskva Dövlət Humanitar İqtisad Universitetinin professoru Leyla Allahverdiyeva və başqaları müxtəlif mövzularda məruzə etdilər. Çıxışlarda respublikamızın və digər ölkələrin bu günki iqtisadi durumu təhlil edildi, iqtisadiyyatın davamlı inkişafına səbəb olan təkliflər verildi. Beş bölmə üzrə xarici ölkələrin alimləri də daxil olmaqla 300-dən çox məruzə daxil olub, məruzələr toplu şəklində çap olunaraq iştirakçılara təqdim olundu. Sonda Sumqayıt Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi bağlandı.
Mətbuat xidməti