Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fakültələrarası bilik yarışı keçirildi
Yerləşdirilmə tarixi : 02 May 2016 12:09
Fakültələrarası bilik yarışı keçirildi

Mayın 2-də Sumqayıt Dövlət Universitetində Karyera Mərkəzi, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Azərbaycan İntellektual Oyunlar Federasiyası və Next Tədris Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual oyun fakültələrarası bilik yarışı keçirildi. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 
Tədbiri Karyera Mərkəzinin müdiri Zahid Bünyadov açaraq  qonaqları salamladı və Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixindəkirolundan və Azərbaycan gəncliyinə sonsuz diqqət və qayğısından bəhs etdi. Bildirdi ki, yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərmək idi. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev, Next Tədris Mərkəzinin direktoru Kamran Məmmədov keçirilən yarışın əhəmiyyətini qeyd edərək, gənclərin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırdılar. Natiqlər ölkədə aparılan gənclər siyasətindən və ölkə Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq iştirakçılara uğurlar dilədilər.
Çıxışlardan sonra komandaların iştirakı ilə yarış başladı. İntellektual oyun üzrə keçirilən yarışda  püşkatma nəticəsində komandalarını çıxış edəcəyi qruplar müəyyənləşdi. Yarış 16 komandanın iştirakı ilə həyata keçirildi. Yarışda müxtəlif komandalar  öz biliklərini nümayiş etdirərək final mərhələsinə  vəsiqə qazandılar.  Komandalar mayın 4-də “Sülh Palace” da birincilik uğrunda mübarizə apardılar. Gərgin keçən yarışda Tarix və coğrafiya fakültəsinin  (Genius) I yerə, İqtisadiyyat və idarəetmə fakültəsinin (Avengers) II yerə, Mühəndislik fakültəsinin  (Access) komandaları  III yerə çıxdılar. Final yarışında intellektual səviyyəsi və dünyagörüşü ilə fərqlənən komanda diplom və hədiyyələrlə mükafatlandırıldı.
Qalib komandaları universitetin rektoru, professor Elxan Hüseynov qəbul etdi. Tələbələri təbrik edərək onlara uğurlar arzuladı. Bildirdi ki, bu gün ölkəmizdə gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi, güclənməsi üçün müxtəlif layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  gənclərlə bağlı imzaladığı bütün rəsmi sənədlərdə gənclərin intellektual səviyyəsinin yüksəldilməsi məsələsini önə çəkir. Sözsüz ki, savadlı, bilikli gənclik xalqa və dövlətə daha məsuliyyətlə, daha vicdanla xidmət edər. Savadlı insan hər şeyi ağlının süzgəcindən keçirib icra edir. Azərbaycan gəncliyi bütün dövrlərdə savadı, fəhmi, istedadı ilə seçilib. Elm və texnika inkişaf etdikcə gənclərin bilik və bacarığını təkmilləşdirən meyllər meydana çıxır. Gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün universitetimizdə mütəmadi olaraq  bilik yarışları, intellekt oyunları keçirilir. Gənclərin intellekt oyunlarına cəlb edilməsi çox uğurlu addımdır və hesab edirəm  ki, Azərbaycanın intellektli gəncləri xalqımızın, dövlətimizin sərvətidir. İntellektli gənclər öz bilik və bacarıqları ilə seçilir, intellekt yarışlarına qatılan gənclər həm özünü, həm də təhsil aldığı ali məktəbə böyük şöhrət gətirir,  uğurlu nəticələr əldə edir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az