Aprelin 30-da Azərbaycan Akademik Milli Dram Teatrında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə "Tələbə baharı" Ümumrespublika tələbə yaradıcılıq festivalının final mərhələsi keçirildi. Festivalın keçirilməsində məqsəd, tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirməkdir. Yaradıcı və istedadlı gəncləri üzə çıxarılması, onlara dövlət qayğısının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaradılması layihənin əsas məqsədləri sırasına da daxildir.Qeyd edək ki, bu il 13-16 aprel tarixlərində festivalın seçim mərhələləri keçirildi. Seçim turlarında 15-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiylar üzrə öz istedadlarını ən mükəmməl şəkildə nümayiş etdirdilər. Qeyd edək ki, Milli rəqslər nominasiyası üzrə Sumqayıt Dövlət Universitetinin rəqs ansamblı - III yerə layiq görüldü.
Final mərhələsinin sonunda festivalın nominantlarına Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təsis etdiyi diplomlar və xatirə hədiyyələri təqdim edildi.
Mətbuat xidməti