Dahi şair və dramaturq Uilyam Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar həyata keçirilən “Shakespeare Lives” tədbirlər proqramı çərçivəsində aprelin 22-də Bakıda "British Council" və Xəzər Universitetinin təşkilatçılığı ilə "Şekspir dünyada” mövzusunda konfrans keçirildi.
Konfransı giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı açaraq, qonaqları salamladı və belə bir konfransa ev sahibliyi etməkdən məmnun olduqları bildirdi.
Sonra söz Böyük Britaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri İrfan Siddiqə verildi. O, Şekspirin Avropa teatr və incəsənətinin, ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışdı.
Qeyd olundu ki, Uilyam Şekspir həm komediya, həm də faciə janrlarında eyni dərəcədə uğur qazanan nadir dramaturqlardandır. Onun “Hamlet”, “Otello”, “Romeo və Cülyetta”, “Maqbet”, “Kral Lir” kimi əsərləri dünya ədəbiyyatının nadir inciləri sırasındadır. Şekspirin əsərləri dünyanın bir çox dillərinə o cümlədən Azərbaycan dilinə tərcümə olundu, dramları isə dünyanın əksər teatrlarında tamaşaya qoyuldu.
Tədbirdə Britaniya, Azərbaycan və Gürcüstandan olan akademik işçilər və tədqiqatçılar –Lester Universitetindən (Birləşmiş Krallıq) professor Sarah Knight, İlia Dövlət Universitetindən (Gürcüstan) Natalia Tvalçrelidze, Azərbaycanın müxtəlif təhsil ocaqlarından Alla Bayramova, Sabir Mustafa, Qılıncxan Bayramov U.Şekspirin yaradıcılığına dair təqdimatlar etdilər, film və qısa dram səhnələri nümayiş olunduqdan sonra Şekspirin dünya mədəniyyəti və təhsildə rolu barədə müzakirələr aparıldı.
Konfransda universitetimizin Xarici dillər kafedrasının müdiri, professor Nigar İsgəndərova, baş müəllim Zeynəb Əhmədova və filologiya fakültəsinin 976-qrupun tələbələrindən Gülər Ələkbərli, Gülafər Cəlilova, Ləman İsmayılova, Təhminə Qüdrətova, Ülviyyə Hüseynli, Sofiya Heydərova, Aytac Davudova iştirak etdilər.
Konfrans iştirakçıların sertifikatla təltif olunmaları ilə başa çatdı.
Mətbuat xidməti