Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş konfrans keçirildi
Yerləşdirilmə tarixi : 06 May 2016 17:19
SDU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş konfrans keçirildi

Mayın 6-da universitetimizin Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü  ildönümünə həsr olunmuş elmi – praktik konfrans keçirildi. 
Əvvəlcə konfrans iştirakçıları Ümummilli Liderin universitetin foyesində ucaldılan büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Konfransı giriş sözü ilə açan rektor, professor Elxan Hüseynov Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışdı. Bildirdi ki, Azərbaycanı inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı idi. Bu böyük şəxsiyyət bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ölkəmizin fəxri, milli iftixarımız və liderimiz Heydər Əliyev bütün problemlərin həll olunmasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Çünki o, bir neçə on il bundan sonra görəcək işləri bu gün həyata keçirməyi bacaran nadir keyfiyyətlərə malik uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi idi. Onun siyasəti ölçülüb-biçilmiş, gələcəyə ünvanlanmış siyasət idi. Bu səbəbdən də onu dünyanı dəyişdirən insanlar cərgəsinə aid etmək olar. Dünyanın görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir. 
Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra illər və on illər uzunu davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır.
Konfransda Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov “Heydər Əliyevin təhsilin inkişafında rolu” mövzusunda çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu Öndər ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Ulu Öndər həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.  
Konfransda Qaçqınların və köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər şöbəsinin müdiri Sevindik Hüseynov müasir Azərbaycan dövlətinin  yaradıcısı olan  Ulu Öndərin keçdiyi  şərəfli  ömür yolundan danışdı, tarixi  uzaqgörənliyə  malik  şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs etdi. 
Sonra Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev  “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır”, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Aynurə Yəhyayeva “İqtisadiyyatımızın inkişafında Heydər Əliyev konsepsiyası”, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev “Azərbaycanda ordu quruculuğu”, Azərbaycan tarixi kafedrasının müəllimi Günay Şükürova “ Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzularında məruzələrlə çıxış edərək Ulu Öndərin dövlət quruculuğu prosesinin müxtəlif sahələrində həyata keçirdiyi uğurlu islahatlardan söz açdılar. Natiqlər onu da vurğuladılar ki, bu gün ölkəmizdə həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. 
Hər il universitetimizdə Ümummilli Lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə tələbələr arasında «Ən yaxşı məqalə» inşa müsabiqəsi keçirilir, bu il də Ulu Öndərin anadan olmasının 93-cü  ildönümünə həsr olunmuş  müsabiqədə yer tutan tələbələri rektor, professor Elxan Hüseynov Fəxri Fərman və pul mükafatı təltif etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az