Elxan Hüseynov: Ulu Öndər cəmiyyətin inkişafını elmdə, intellektual potensialda görürdü.
Mayın 15-də Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş II Tələbə elmi konfransı keçirildi.
Konfransı Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Nicat İsmayılov açaraq Tələbə Elmi Cəmiyyətinin uğurlarından danışdı və sözü universitetin rektoru professor Elxan Hüseynova verdi. Rektor dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışaraq bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadiminin zəngin nəzəri irsində və əməli fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ümummilli Lider görkəmli siyasi dövlət xadimi olmaqla yanaşı, həm də elmə və təhsilə layiq olduğu qiyməti verə bilən böyük şəxsiyyət idi. Azərbaycan elminə, elm adamlarına göstərdiyi qayğı və dəstək elə bu yanaşmadan qaynaqlanırdı. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. Ulu Öndər cəmiyyətin inkişafını elmdə, intellektual potensialda görürdü. Ölkəmizdə elm və təhsilin inkişafında, təhsilimizin Avropa təhsil məkanına inteqrasiya olunmasında qazanılan uğurlardan bəhs edən rektor, bütün bu nailiyyətlərin dahi rəhbərimiz Heydər Əliyevin və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu diqqətə çatdırdı.
Rektor rəhbərlik etdiyi ali təhsil ocağının inkişafından danışaraq bu işdə tələbələrin də böyük rolunun olduğunu vurğuladı. Qeyd etdi ki, universitetimizdə ildən – ilə maddi-texniki baza möhkəmlənir, elmimizin ölkədə və dünyada tanıtdırılmasına səy göstərilir, elmi-tədqiqat işlərinin səviyyəsi yüksəlir, elmin tətbiq sahələri genişlənir, alimlərimizin fəaliyyətləri təqdir olunur.
Rektor onu da vurğuladı ki, tələbələrimizin elmi potensialının üzə çıxarılması, onların elm sahəsində fəallığının istiqamətləndirməsi məqsədilə yaradılan Tələbə Elmi Cəmiyyəti bu istiqamətdə çox işlər görür. Belə ki, TEC-in üzvləri Respublika və Beynəlxalq səviyyəli tədbirlərdə fəal iştirak edir, Fəxri Fərmanlarla təltif olunurlar. Bu da universitetimizin uğurlarının bariz nəticələrindəndir. Ötən il Voronej Dövlət Meşə Texniki Universitetinin keçirdiyi “Texniki və riyaziyyat elmləri” üzrə Beynəlxalq Gənclər Forumuna 22 tələbəmizin elmi məqalələri qəbul olunmuş, 3 nəfər tələbəmiz konfransa ezam olunmuş, uğurlu çıxışlarına görə sertifakata layiq görülmüşlər. Bu il Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Milli Tədqiqat Akademik Universitetinin keçirdiyi Optoelektronika, Fotonika və Nanostrukturlar üzrə “Saint Petersburg OPEN 2016” adlı beynəlxalq konfransda da tələbələrimiz iştirak etmiş və diplomlara layiq görülmüşlər.
Bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilin, elmin inkişafına göstərilən yüksək diqqət eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov konfransın əhəmiyyətindən danışdı və bu kimi konfransların keçirilməsinin elmlə təhsilin inteqrasiyasının sürətlənməsi istiqamətində mühüm addım olduğunu vurğuladı. Qeyd etdi ki, belə konfransların təşkilinin gənclərin elmi potensialını üzə çıxarmaq, onların araşdırmalarına dərindən nəzər salmaq, əldə etdikləri nəticələri təcrübəyə tətbiq etməkdir.
Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent İslam Paşayev konfransın hazırlığı və gedişatı haqqında məlumat verərək, TEC-in son dövrlər əldə etdiyi nailiyyətlərdən söhbət açdı. Bildirdi ki, tələbələrimiz təkcə universitet daxili konfranslarda deyil, eləcə də Respublika və Beynəlxalq konfranslarda fəal iştirak edir, uğurlar əldə edirlər.
Sonra tələbələrin çıxışları dinlənildi. Filologiya fakültəsinin tələbəsi Aysel Abulova “Azərbaycan dilçiliyində enantiosemiya hadisəsi”, Mühəndislik fakültəsinin tələbəsi Əvəz Rəhimov “Dağıntılar altında görünməyən obrazları səs və küyə görə identifikasiya sistemləri”, Kimya və biologiya fakültəsinin tələbəsi Nəzrin İskəndərova “Bitkilərdə genetik mühəndislik”, Fizika və elektroenergetika fakültəsinin tələbəsi Tofiq Adıgözəlov “InGaN/GaN çoxqat kvat çüxurunun alınması, optimallaşdırılması və ağ rəngli işıq diodlarının yaradılması”, Riyaziyyat fakültəsinin tələbəsi Mehin Ağacanlı “Məntiq cəbri funksiyaların polinomial göstərişlərində əmsalların tapılması üçün rekurrent ifadələr”, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Nəsibə Bağırova “Azərbaycanda turizmin inkişafının xüsusiyyətləri”, Tarix və coğrafiya fakültəsinin tələbəsi Sadiq Səlimov “Tarixşünaslıqda “Böyük Ermənistan” məsələsi” mövzularında məruzə ilə çıxış etdilər.
Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş II Tələbə elmi konfransı 17 bölmə üzrə öz işini davam etdirdi, ümumilikdə 189 məruzə dinlənildi. Fərqlənən tələbələrə yekun iclasında diplomlar təqdim edildi. Konfransın materialları nəfis şəkildə, 430 səhifə həcmində çap olunaraq iştirakçılara paylanıldı.
Mətbuat xidməti