Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı, Azərbaycan Tələbə  Gənclər Təşkilatları İttifaqının və Azərbaycan Televiziyasının “Müasir  Azərbaycan Gənci” verlişinin aparıcısının iştirakı ilə “Milli Dirçəliş Günü” və “Beynəlxalq Tələbə Günü”nə  həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Öncə tədbir  iştirakçıları Ulu Öndərin universitetin foyesində ucaldılmış  büstü önünə gül dəstələri düzərək dərin  etiramlarını bildirdilər.
Bayram  tədbiri universitetin  böyük akt zalında  başladı.
Öncə  universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov tədbir  iştirakçılarını Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun  adından təbrik etdi. 
Prorektor təhsil və savadlılıq  məsələlərinə toxunaraq bildirdi ki, cənab Prezident İlham  Əliyevin apardığı daxili və xarici siyasətində təhsil əsas prioritetlərdən birinə çevrilmişdir. Mən  əminliklə söyləyə bilərəm ki,  yalnız təhsilli,  savadlı  insanlar həm ölkəsini, həm də özünü  inkişaf etdirə bilər.  Bu səbəbdən də  dövlətimiz gənclərimizin xaricdə təhsil almaları üçün  Avropanın aparıcı universitetlərində təhsil  proqramlarını maliyyələşdirir. Son dövrlər   universitetimizdə aparılan islahatlar nəticəsində dünyanın aparıcı  təhsil ocaqları ilə beynəlxalq əlaqələrimiz daha da genişlənir. 
Vurğuladı ki, bu gün Azərbaycanda gənclər çoxluq  təşkil edir və onların liderlik bacarıqlarının inkişafı üçün hərtərəfli  şərait yaradılır. Belə ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış  “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramına əsasən regionlarda  gənclər evlərinin, gənclər mərkəzlərinin yaradılması, gənclər üçün intellektual  klubların təsis olunması, gənclərin inkişafına yönəlmiş bir sıra layihələrin  həyata keçirilməsi bir daha dövlətimizin gənclərə olan diqqəti və qayğısının  nümunəsidir.
Tədbirdə  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxış  edərək universitetin professor-müəllim və  tələbə heyətini hər iki bayram münasibətilə  təbrik etdi. Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Şənlik  Əliyev də daxil olmaqla,  Şuranın 13 üzvünə  Azərbaycan Tələbə Gənclər Təşkilatı  İttifaqının diplomlarını və müxtəlif hədiyyələrini təqdim etdi. 
Sumqayıt  Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Şənlik Əliyev çıxış  edərək təmsil etdiyi təşkilatın adından universitetin rəhbərliyinə və tədbirin  təşkilatçılarına  öz təşəkkürünü  bildirdi.     
Tədbirin  sonunda Humanitar məsələlər üzrə prorektor, dosent Nizami Namazov Azərbaycan  Tələbə Gənclər Təşkilatları İttifaqının sədri   Şahin İsmayılova , Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  icraçı direktoru Şəmsi Gülverdiyevə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin  nümayəndəsi Ceyhun Hüseynova,     Azərbaycan Televiziyasının Müasir Azərbaycan Gənci (MAG) verlişinin  aparıcısı  Xəyalə Hüseynliyə və tədbirin  bütün iştirakçılarına  öz minnətdarlığını  bildirdi.
Bayram tədbiri universitetin  “Səma” ansamblının maraqlı və rəngarəng çıxışları və dəvət olunmuş ayrı-ayrı  müğənnilərin çıxışları ilə  başa çatdı.
Mətbuat xidməti