Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Magistrantların XVI Respublika Elmi Konfransı keçirildi
Yerləşdirilmə tarixi : 19 May 2016 19:09
Magistrantların XVI Respublika Elmi Konfransı keçirildi

Elxan Hüseynov: Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət Azərbaycan təhsilini zirvələrə qaldıracaq.
Hər il olduğu kimi bu il də Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş magistrantların XVI Respublika Elmi Konfransı keçirildi.
Rektor professor Elxan Hüseynov konfrans iştirakçılarını salamladı və  bir çox ali məktəblərin prorektorlarını, Doktorantura və magistratura şöbəsinin müdirlərini universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi. 
Rektor Elxan Hüseynov Magistrantların XVI Respublika Elmi Konfransının əlamətdar bir günə - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunduğunu bildirərək onun Azərbaycan xalqı qarşısında xidmətlərindən, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz rolundan danışdı. Qeyd etdi  ki, Dahi Liderin həyata keçirdiyi siyasət, düşünülmüş strategiya Azərbaycanı bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevirmişdir. Azərbaycanda birinci, istərsə də ikinci rəhbərliyi dövründə Heydər Əliyev daim elmə, təhsilə xüsusi önəm verirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən ölkəyə rəhbərlik edən Ümummilli Lider təhsilin inkişafını, müasir təfəkkürlü, düşüncəli, hərtərəfli biliyə malik savadlı gənclərin yetişdirilməsini prioritet vəzifə kimi qarşıya qoydu. Elmə və təhsilə böyük önəm verilməsi, bir-birinin ardınca yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında böyük dönüş yaratdı. Danılmaz faktdır ki, Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizdə, o cümlədən Sumqayıt Dövlət Universitetində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün, bütün lazımi şərait yaradılmışdır. Rektor onu da vurğuladı ki, tələbələrimiz müxtəlif ölkələrdə Respublika və Beynəlxalq konfranslarda yaradıcı ezamiyyətlərdə olur, Azərbaycan elmini yüksək səviyyədə təmsil edirlər. Bu gün Təhsil Naziri cənab Mikayıl Cabbarov  ölkəmizdə  ali təhsilin inkişafı istiqamətində mühüm işlər görür, elm və təhsilin inteqrasiyasına nail olmaq, ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların proritetlərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirərək uğurlu layihələrə imza atır. Təhsil Nazirliyinin təşəbbüsü ilə Sumqayıt Dövlət Universiteti hər il magistrantların və gənc tədqiqatçıların respublika elmi konfransına ev sahibliyi etməklə, magistrantlarda elmə, elmi tədqiqatlara olan marağı daha da artırır.  Artıq ənənəvi hal alan bu konfransımız da həmin siyasətin tərkib hissəsidir. Bugünki konfransa respublikamızın 17 ali təhsil müəssisəsindən 960 məruzə  daxil olmuşdur. İştirakçıların  sayının ildən - ilə artması konfransın nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut edir.
Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin digər sahələrlə yanaşı milli təhsilimizin inkişafı, beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmək istiqamətində həyata keçirdiyi tədbirlər artıq öz bəhrəsini verir. İnanıram ki, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət Azərbaycan təhsilini daha yüksək zirvələrə qaldıracaq. Əziz gənclər, sevimli magistrantlar sizi bir daha təbrik edir və konfransın işinə uğurlar arzulayıram! 
Konfransda çıxış edən Azərbaycan Texniki Universitetinin elmi işlər üzrə prorektoru  İlham Pirməmmədov bildirdi ki, konfransların keçirilməsi gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılmasında böyük rol oynayır və bu sahədə gənclərin üzərinə çox mühüm vəzifələr düşür. Prorektor qeyd etdi ki, elm, təhsil xalqın rifahının yüksəldilməsinə, dövlətimizin gələcək nailiyyətlərinin artmasına xidmət edir, məhz buna görə Sumqayıt Dövlət Universitetinin bu təşəbbüsünü yüksək qiymətləndirir və yaradıcı gənclərə uğurlar diləyirəm.
Odlar Yurdu Universitetinin  elmi işlər üzrə prorektoru Tərlan Abdullayev ənənəvi olaraq hər il SDU-da keçirilən konfransı müsbət dəyərləndirdi. Heydər Əliyevin gənclər siyasətindən, xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik və dövlətçiliyin qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsində ulu öndərin xidmətlərindən danışdı. Vurğuladı ki, həyata keçirilən gənclər siyasəti yeni nəslin fiziki, mənəvi-psixoloji sağlam yetişməsinə, istedadlı gənclərin üzə çıxarılması və ölkənin gələcək inkişaf strategiyasının əsasını təşkil edən gəncliyin formalaşmasına töhfə verir.
Prorektor Magistranlara və gənc tədqiqatçılara bir sıra dəyərli tövsiyələr verərək onlara  müvəffəqiyyətlər arzuladı.
Konfransda Doktorantura və magistratura şöbəsinin müdiri dosent Ramiz Hüseynov  keçirilən konfransın əhəmiyyətindən danışdı.   Bildirdi ki, təqdim ediləcək məruzələr olduqca aktual məsələlərə həsr olunmuşdur. Dosent Ramiz Hüseynov konfransın gedişatı barədə məlumat verərək, diqqətə çatdırdı  ki, konfransda mütəşəkkil iştirak edən universitetlərdən  Sumqayıt Dövlət Universiteti - 234, Azərbaycan Dövlət İqtisad Universiteti - 208, Azərbaycan Dövlət Pedaqoji Universiteti – 180, Bakı Slavyan Universiteti - 141, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 82,  Azərbaycan Dövlət Aqrar Universieti - 38 və digər ali təhsil müəssisələrinin magistrantlarının tezisləri  bu il də kitab şəklində çap olunaraq iştirakçılara təqdim edilib.
Sonra konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Nərmin Şıxəlizadə,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı Simuzər Hümbətova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı Aysel Əliyeva, Bakı Slavyan Universitetinin magistrantı Nərmin Elyasova, Sumqayıt Dövlət Universitetinin magistrantı Rauf Hüseynov çıxış edərək onların tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsinə, elmi nailiyyətlərinin müzakirə edilməsinə xidmət edən belə konfransların keçirilməsinin təqdirəlayiq olduğunu söylədilər.
Konfrans öz işini iki gün bölmə iclaslarında davam etdirəcək. Bölmələr üzrə məruzələr dinləniləcək, fərqlənən tələbələrə konfransın sonunda diplomlar təqdim ediləcək.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az