ABŞ-ın Arizona ştatının Finiks şəhərində InteI ISEF–Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinə 77 ölkədən 1760 iştirakçı qatıldı. Sərgidə Azərbaycanı “Sabahın alimləri” V Respublika Müsabiqəsinin qalibləri – Bakı Avropa Liseyinin XI sinif şagirdləri Arzu Məmmədova, Nərmin Aydarova, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Mədət Sərdarlı, XI sinif şagirdi Nigar Sərdarlı, həmin liseyin X sinif şagirdləri Ayşən Əliyeva, Əli Əliyev və qrupa rəhbərlik edən universitetimizin Fizika və elektroenergetika fakültəsinin dosenti Samir Orucov iştirak etdilər.
Azərbaycanlı məktəblilər bu sərgidə tarixi uğura imza atdılar. Belə ki, münsiflərin seçimi ilə fizika, materialşünaslıq kateqoriyası üzrə Nərmin Aydarova və Arzu Məmmədova Grand Award mükafatına layiq görüldülər. Digər təmsilçilərimiz Nigar və Mədət Sərdarlılar isə Qətərin Elm və İşlətmələr Fondunun xüsusi mükafatına layiq görüldülər.
Qeyd edək ki, 1997-ci ildən keçirilən sərgiyə qatılmaq üçün hər il müxtəlif ölkələrdən 7 milyona yaxın məktəbli müraciət edir. Ölkəmizi bu sərgidə təmsil etmək üçün məktəblilər “Sabahın alimləri” müsabiqəsindən seçilir. Bu il müsabiqədə ölkəmizin 11 şəhər və rayonunun ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak etdilər. Müsabiqə 8 kateqoriya üzrə keçirildi.
Mətbuat xidməti