Sumqayıt Dövlət  Universitetində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “AZƏRKİMYA”  İstehsalat Birliyi, AMEA-nın Polimer Materialları İnstitutunun birgə  təşkilatçılığı  ilə “Ekologiya və həyat fəaliyyətinin  mühafizəsi” üzrə “Sənaye ili”nə həsr olunmuş VIII ənənəvi Beynəlxalq Konfrans  öz işinə başladı.
Öncə SDU-nun  rektoru E. Hüseynov konfrans iştirakçılarını salamladı və Təşkilat Komitəsinin  həmsədrlərini- Azərikimya İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli  Məclisin deputatı  Muxtar Babayevi, AMEA-nın  Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizovu, Bakı Ali  Neft Məktəbinin prorektoru, professor Ramiz Hümbətovu təqdim etdi.
Rektor çıxışında bildirdi ki, son illər  təbiətdə baş verən ciddi dəyişikliklər, katoklizmlər, ətraf aləmdə gedən  ekoloji proseslər alimlərimizi düşündürən aktual problemlərdəndir. Ekoloji  tarazlığın qorunub saxlanılması, yaşıllıqların salınması, ətraf aləmin  mühafizəsi müasir dövrümüzün prioritet məsələsidir. Məlumdur ki, insan öz  zəruri təlabatını təbiətdən alır. Məhz buna görə də yaşamaq uğrunda apardığımız  mübarizədə təbiətlə birgə olmalı, ona ziyan vurmadan təbii tarazlığı  qorumalıyıq. Ətraf mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsini gücləndirmək  insanların sağlam və uzunömürlü olmasına xidmət edir.
Rektor vurğuladı  ki, Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli  istiqamətində həyata keçirilən tədbirlər ötən əsrin 70-ci illərindən etibarən  daha intensiv xarakter almışdır. Ümummilli liderimizin rəhbərliyi ilə bu dövrdə  ekoloji problemlərin həlli sahəsində mühüm qərarlar qəbul edilmiş,  ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilmiş, geniş  yaşıllaşdırma      tədbirləri     aparılmışdır.  Bu silsilə tədbirlərin davamı olaraq 2010-cu il Azərbaycan Respublikasının Prezidenti  tərəfindən ölkəmizdə “Ekologiya ili” elan edilmişdir. Ekologiya ili  çərçivəsində müxtəlif tədbirlər həyata keçirilmiş, əhali arasında maarifləndirmə    işləri  gücləndirilmişdir. 
Azərikimya İstehsalat  Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı  Muxtar Babayev isə çıxışında ekoloji  problemləri yaradan əsas səbəblər kimi neft-qaz hasilatı və qazma işləri zamanı  torpaqların neft və lay suları ilə çirkləndirilməsi, neft emalı zamanı əmələ gələn tullantıların ərazilərdə toplanmasını göstərdi.
Bildirdi  ki, bu gün Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur.  Lakin bununla yanaşı, hələ də bəzi görüləsi işlər vardır. Belə ki, Bakı və  ətraf ərazilərin başlıca problemlərindən biri torpaqların çirklənməsi ilə  bağlıdır. Azərbaycanda  ekoloji  vəziyyətin dövlət səviyyəsində qorunması istiqamətində geniş layihələr həyata  keçirilir. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən, son illər mili parklar  yaradılmış, qoruqların ərazisi  genişləndirilmişdir.
Mətbuat xidməti