Gənclərimiz dövlətimizin başçısının yüksək diqqət və qayğısı ilə əhatələniblər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Mərasim, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə mayın 25-də baş tutdu.
Tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tələbələr arasında keçirilən belə bədii-yaradıcılıq festivallarının əhəmiyyətindən söz açaraq qeyd etdi ki, gənclər siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biridir. Bu gün gənclərimiz dövlətimizin başçısının yüksək diqqət və qayğısı ilə əhatələniblər.
Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin fiziki və mənəvi inkişafı, savadlı və sağlam böyümələri, sosial müdafiəyə ehtiyacı olanlara lazımi kömək göstərilməsi, gənclər təşkilatlarının formalaşması həmin uğurlu siyasətin nəticələridir. Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.
Təhsil nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, Ümummilli Liderin gənclərə göstərdiyi diqqət və qayğıdan danışdı. Vurğulandı ki, ulu öndər Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Belə bədii-yaradıcılıq festivallarının keçirilməsi məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin nəticəsidir.
Daha sonra qaliblər mükafatlandırılıblar. 24 ali məktəbin mindən çox tələbəsinin qatıldığı festivalda 11 nominasiya üzrə keçirilmiş müsabiqədə müxtəlif ali məktəblərdən 33 tələbə festivalın diplom, pul mükafatlarına və qiymətli hədiyyələrə layiq görüldü. Tələbələrimizdən solo rəqslər üzrə Günel Kərimova II yerə, xor kollektivi üzrə III yerə, Aşıq musiqisi üzrə Rahib Məmmədli III yerə layiq görüldülər. Festivalda fəal iştirakınaa görə Günel İbrahimova, Klubun bədii rəhbəri Zaur Səfərov, Elməddin Qocayev, Radji Güləmirov diploma layiq görüldülər.
Mətbuat xidməti