SDU-da “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” ESFİDİP-TEMPUS layihəsi çərçivəsində universitetin inzibati işçi heyəti üçün təlim-seminar keçirildi. Seminarın məqsədi layihə, Avropa təcrübəsi, Mərkəz, mövcud qanunvericilik qaydaları, tədris prosesi zamanı müxtəlif əlilliyi olan tələbələrlə necə işləmək və onlara yanaşmalar və “İnklüziv və xüsusi təhsil anlayışı” mövzusunda maarifləndirmə aparmaqdan ibarət idi.
Tədbirdə layihənin SDU üzrə koordinatoru dosent Turqay Hüseynov təqdimatla çıxış edərək layihə çərçivəsində əldə olunmuş Avropa təcrübəsi, İnklüziv və xüsusi təhsilin dərki, əlillərə yanaşmalar, onlarla işləmək qaydaları haqqında iştirakçılara ətraflı məlumat verdi.
Sonra universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov çıxış edərək layihənin respublikamız üçün xüsusi vacibliyini qeyd edərək universitetdə fəaliyyət göstərəcək mərkəzin bütövlükdə şimal bölgəsi üçün perspektiv əhəmiyyətli olduğunu bildirdi. Professor onu da vurğuladı ki, cəmiyyətimizdə olan müxtəlif fiziki məhdudiyyətli şəxslərin içərisində xüsusi istedada malik insanlar var və onların cəmiyyətdə mühüm rol oynayacaqlarını nəzərə alaraq belə layihələrin gerçəkləşdirilməsi böyük önəm daşıyır.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparıldı, layihənin sonrakı davamlılığı üçün müxtəlif fikir və təkliflər səsləndirildi.
Tədbirdə universitetin Karyera Mərkəzi, Elmi Hissə, İnformasiya Hesablama Mərkəzi, Magistratura və Doktorantura şöbəsi, Tələbə Elmi Cəmiyyəti, Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti, Filologiya fakültəsi, Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları və digər şəxslər iştirak etdilər.
Mətbuat xidməti