4 dekabr 2014-cü ildə Sumqayıt Dövlət Universitetində Bakı 2015 Avropa Oyunları və Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqının (ATGT) birgə təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrində Bakı 2015 Avropa Oyunlarına həsr edilmiş təqdimat və sorğu keçirildi. Təqdimat və sorğunun keçirilməsində məqsəd bu böyük idman tədbirinə, eyni zamanda açılış və bağlanış mərasiminə könüllülər cəlb etmək, könüllülərin qeydiyyatdan keçməsi zamanı meydana çıxa biləcək çətinliklərə aydınlıq gətirmək, mövzu ilə bağlı tələbələri maraqlandıran suaları cavablandırmaqdır.
Tədbirdə çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov bildirdi ki, bu vaxta qədər Azərbaycanda Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur.
Bu xəbər cəmiyyətdə də böyük sevinc hissi ilə qarşılanmışdır. Bu qərarın qəbul edilməsində şübhəsiz ki, idmançılarımızın uğurları da öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada və Avropada bir çox sahələrdə- siyasi, iqtisadi, mədəniyyəti ilə yanaşı idman sahəsində də güclü dövlət kimi tanınır. Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, bunlarla yanaşı Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Bura ölkəmizdə keçirilmiş Dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.
Prorektor qeyd etdi ki, mən inanıram ki, Bakı şəhəri birinci oyunların keçirilməsində yaradılan gözəl şəraitə və böyük xidmətlərinə görə Avropa Olimpiya Oyunlarının tarixinə daxil ediləcəkdir.
Təqdimat mərasimində Five Currents şirkətinin kast meneceri Nikoletta Corradin (İtaliya) çıxışında qeyd etdi ki, 2015-ci ilin iyun ayının 12-də başlanacaq Avropa oyunlarının açılış və bağlanışı üçün 6 min könüllü tələbənin iştirakını təmin edəcəyik. Bu iştirakçılar Azərbaycan ali təhsil ocaqlarının tələbələri olacaq. Biz bu təqdimatı artıq 20 ali təhsil ocağında keçirmişik. Bizim istəyimiz və məqsədimiz Azərbaycanın bu günkü uğuru hesab etdiyimiz Bakı 2015 Avropa Oyunlarınada Sumqayıt Dövlət Universitetinin tələbələrini də öz aramızda görməkdir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqının icraçı direktoru Şəmsi Gülverdi çıxışında bildirdi ki, əgər əvəllər Avropa oyunlarının vətəni Afina sayılırdısa, indi isə Azərbaycandır. Biz Tələbə Gənclər Təşkilatları bu oyunda fəal iştirak etməli, Azərbaycan gəncliyinin nəyə qadir olduğunu öz qələbələrimizlə göstərməliyik.
Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Şənlik Əliyev mərasim iştirakçılarına Tələbə Gənclər Təşkilatı adından təşəkkür etdi. Sonda Avropa 2015 oyunları ilə bağlı slayd göstərildi.
Mətbuat xidməti