Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Səmaya Qayıdan Yazı”
Yerləşdirilmə tarixi : 13 İyun 2016 17:29
“Səmaya Qayıdan Yazı”

Azərbaycan Milli Elmlər Akademiyasının Gənclər Evində gənc yazıçı, şərq dilləri üzrə tərcüməçi, Filologiya fakültəsinin müəllimi Əli Rzazadənin müəllifi olduğu “Səmaya Qayıdan Yazı” adlı romanın təqdimat mərasimi keçirildi. Təqdimat mərasiminə şərqşünas və dilçi alimlər, ictimaiyyət və media nümayəndələri qatılmışdır. Toplantı iştirakçılarını romanla tanış edən müəllif bildirdi ki, roman əsasən üç süjet xəttindən ibarətdir. “Səmaya Qayıdan Yazı” adlanan roman Şərq dünyasında tüğyan edən terror hadisələrindən, Qərb dünyasının hadisələri soyuqqanlılıqla izləməsindən, eyni zamanda müasir dövrdə bir ailənin faciəsindən bəhs edir. Azərbaycanlı həkimin kiçik qardaşı aldanaraq qaragüruh qüvvələrə qoşulur. Həkim onu terrorun pəncəsindən xilas etmək üçün Yaxın Şərqə üz tutur, ancaq orada baş vermiş hadisələrin canlı şahidinə çevrilir. O, ərəb ölkəsində cərəyan edən müasir dövrün xərçənginə çevrilmiş terror aktlarında, sivil insanlara qarşı edilən təcavüzlərdə radikal qruplaşmalarla əlbir olmuş işğalçı erməni idealogiyasının cinayət izlərilə də üzləşir. Əsərin qəhrəmanı bir vaxt Azərbaycanın tarixi torpaqlarında dinc xalqa qarşı amansız qətliamlar törətmiş, xüsusilə də Xocalı hadisələrində aktiv iştirak edən Livan və Suriya ermənilərindən ibarət “Arabo” adlı silahlı qruplaşmasının bir üzvü ilə də rastlaşır.
Təqdimat mərasimində iştirak edən gənc alimlər gənclərimizi ayıq olmağa, heç bir radikal düşüncələrə meyl etməməyə, elə indidən azyaşlılar üzərində nəzarəti gücləndirərək onların milli–mənəvi dəyərlərimiz üzərində tərbiyələnməsinə çağırdılar. Çıxışçılar bir daha vurğuladılar ki, bizim vətənimiz Azərbaycandır və biz vətənimizin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda canımızdan keçməyə hazır olmalıyıq. Tədbirin sonunda imza mərasimi keçirildi. Xatırladaq ki, “Səmaya qayıdan yazı” müəllifin sayca ikinci romanıdır. Əli Rzazadənin müəllifi olduğu “Yağış” adlı romanı və “Nurdan Zərrələr” adlı əsəri bundan öncə oxucular tərəfindən maraqla qarşılanıb. Müəllifin “Xocalıya Ədalət” (əl-Ədalət li Xocalı) adlı kitabı Qarabağ həqiqətlərini, xüsusilə də 1992-ci ilin 26 fevral tarixində erməni işğalçılarının Xocalıda həyata keçirdikləri qətliamı dünya ictimaiyyətinə, ərəb dünyasına çatdıran ilk ən mükəmməl əsərdir. “Xocalıya Ədalət” əsəri ərəb ölkələrinin bir sıra ali təhsil ocaqlarında, kitabxanalarında, rəsmi qurumlarında olması ərəb oxucusunun erməni faşizminin əsl simasını görməsinə qapı açır. Biz də öz növbəmizdə müəllifə yaradıcılıq uğurları arzu edirik.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az