Dekabrın 11-də Sumqayıt Dövlət Universitetində  ümummilli lider Heydər Əliyevin anım günü  münasibətilə tədbir keçirildi.
  İlk öncə  universitetin foyesində ucaldılmış Ulu Öndərin büstü önünə gül dəstələri  qoyuldu.   
  SDU-nun  tələbələrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni  canlı səsləndirildi. Sonra Sumqayıt Dövlət  Universitetində yaradılmış Heydər Əliyev Mərkəzinin açıışı oldu.
  Təhsil nazirinin  müavini Firudun Qurbanov, Sumqayıt   şəhər  İcra Hakimiyyətinin  başçısının müavini Elgin Həbibullayev Heydər  Əliyev Mərkəzinin açılışında iştirak etdilər.
  Mərkəzlə tanış  olan qonaqlar və universitetin kollektivi Türk dünyasının böyük oğlu, müstəqil  Azərbaycan dövlətinin memarı və qurucusu    Heydər Əliyevin qranitdən hazırlanmış barilyefi, ona aid kitablar və  sənədlərlə tanış  oldular. Mərkəzdə  Ulu Öndərin uşaqlıq,  yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə  olduğu illər fotolarda slayd şəklində öz əksini tapmışdır. Universitetin  foyesində Prezident  İlham Əliyevə həsr  olunmuş foto güşə tədbir iştirakçılarının diqqət və marağına səbəb oldu.
  Tədbirdə SDU-nun rektoru Elxan Hüseynov çıxış edərək  bildirdi ki, istər Azərbaycan tarixində, istərsə  də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, əvəzsiz  siyasət dahisi, cəsur insan  və ən böyük  vətəndaş kimi qalmışdır. O, Azərbaycanın ən yeni tarixində bütöv bir dövrü özündə  təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni,  elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi  kursun  və milli inkişaf strategiyasının  müəllifidir. Bu gün  Müstəqil  Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti  və xidməti  olmasın. 
  Onun xalq üçün  gördüyü, sadalanması mümükün olmayan başqa neçə-neçə tarixi xidmətləri,  fədakarlıqları var. Təkcə bu misal Ümummilli Liderin həm yaddaşımızda, həm də  azərbaycanlıların qəlbində tutduğu müstəsna tarixi yer haqda təsəvvür əldə etməyə  imkan verir. Həm də göstərir ki, Heydər Əliyevin xidmətləri dünya siyasi  sistemlərində müəyyən edilən “milli lider” çərçivəsinin  hüdudlarına sığmır.
  Rektor çıxışında  vurğuladı ki, universitetimizdə belə bir  Mərkəzin açılışı   Ulu  Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilməsində və təbliğində, tələbələrin  həyatında mühüm rol oynayacaq. Bu elm məbədinin tarixi  keçmişinə qısa nəzər salsaq görərik ki,  binanın daş yaddaşı belə Heydər Əliyevin imzaladığı fərman və sərəncamı ilə  möhürlənib. Uzun illər Azərbaycan Sənaye İnistitutu  olan bu təhsil ocağı 13 iyun 2000-ci ildən  Sumqayıt Dövlət Universiteti  kimi fəaliyyət  göstərməsinin səbəbi  Ulu öndər  Heydər Əliyevin müstəqillik illərində də elm  və təhsilin inkişafını daim diqqətdə saxlamasının bariz nümunəsidir. Bu sahədə  mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf  etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi  məqsədilə ciddi tədbirlər həyata keçirmişdi.
Mətbuat xidməti