2016-2017-ci tədris ilinin başlanmasına saylı günlər qalır. Hər zaman olduğu kimi bu il də Sumqayıt Dövlət Universiteti yeni tədris ilinə bir sıra yeniliklərlə başlayacaq. Artıq bütün hazırlıqlar tamamlanıb, universitet səbirsizliklə tələbələrinin yolunu gözləyir. Onları yüksək səviyyədə qarşılamaq üçün həm tədrisin keyfiyyəti baxımından, həm də auditoriyaların, laboratoriyaların və bütövlükdə universitetin təmiri ilə bağlı müvafiq işlər görülmüş, ali məktəbin bütün tədris binalarında təmir işləri başa çatdırılmışdır.
Həmçinin, bir çox fakültələrdə yeni tədris laboratoriyaları istifadəyə verilmişdir. Tarix və coğrafiya fakültəsində Arxeologiya və etnoqrafiya fənlərinin tədrisinin səmərəliliyini artırmaq üçün fənn kabineti, Dünya iqtisadiyyatı kafedrasının ixtisaslaşmış otağı, Elektrotexnika kafedrasında Enerji maşınqayırması laboratoriyası yaradılmış və Linqvistik Mərkəz fəaliyyətə başlamışdır. Bütün laboratoriya və tədris otaqları yeni cihaz, avadanlıqlarla təchiz olunmuşdur. İkinci tədris korpusu da əsaslı təmir olunmuşdur. Burada auditoriyaların divarları, pəncərə örtükləri (jalüzlər), partalar, lövhələr tamamilə yenilənmiş, bir sıra auditoriyalar “ağıllı lövhələrlə” təmin edilmişdir. Təmir-tikinti işləri ilə yanaşı elektrik təchizatı və kommunikasiya sisteminin quraşdırılması, onların mərkəzi bazaya inteqrasiyası işləri də yüksək səviyyədə aparılmış və 300kv.m həcmində yanğından mühafizə su anbarı tikilmişdir. Əsas tədris korpusdan ikinci tədris korpusuna gedən yola asfalt döşənmiş, yolun kənarına isə dekorativ gül kolları və ağaclar əkilmişdir. Universitetin həyətində müasir tələblərə cavab verən işıqlandırma sistemi quraşdırılmış, işıq dirəkləri, hasarlar və səkilər təzələnmiş, müasir fənərlər və skamyalar qoyulmuş, tələbələrin asudə vaxtlarının səmərəli keçməsi üçün şahmat lövhəsi inşa edilmiş, süni örtüklü futbol meydanı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər qurulmuşdur.
Təbii ki, bu gün ölkəmizin sürətli iqtisadi inkişafı, geniş quruculuq işlərinin aparılması və əhalinin sosial problemlərinin həlli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi ideyalarının nəticəsidir.
Qeyd edək ki, hal-hazırda universitetimiz 55 illik yubileyi ərəfəsindədir. Bununla bağlı hazırlıq işləri də davam edir.
Mətbuat xidməti