Son illər ölkəmizin təhsil sahəsində əldə etdiyi nailiyyətlərin xarici ölkələrdə geniş təbliğ olunması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi ali təhsil müəssisəsi qarşısında duran prioritet məsələlərdəndir. Bu gün sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılması və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində mühüm işlər görülür. Bu səbəbdən də universitetimiz beynəlxalq əlaqələrini daha da genişləndirir, kadr potensialını gücləndirilməsi istiqamətində böyük layihələrə imza atır, xaricdən mütəxəssislər dəvət edir. Həmin layihələrdən biri də ABŞ departamentinin Fulbrayt proqramıdır. Proqram çərçivəsində ETA ( English Teacher Assistant) istiqaməti üzrə tələbə mübadiləsi proqramının iştirakçısı, Cornel Universitetinin Beynəlxalq münasibətlər və rus dili ixtisası üzrə təhsil almış Keyla Morton universitetimizə dəvət olunub. Keyla Morton bir akademik il ərzində görəcəyi işlərdən söhbət açaraq bildirdi ki, bu layihə ABŞ Senatı tərəfindən qəbul edildiyi gündən Fulbrayt proqramı çərçivəsində ABŞ Universitetlərinin məzunları, professorları və ingilis dili mütəxəssisləri dünyanın 72 ölkəsində dərs demək və elmi-tədqiqat işləri aparmaq hüququ qazanırlar. Məqsəd təcrübəli ingilis dili müəllimlərinə dərs prosesində və dərsdən kənar fəaliyyətlərində kömək göstərmək və ətrafımızdakı insanlarla ünsiyyət quraraq ABŞ-Azərbaycan xalqları arasında ikitərəfli anlaşmanı və dostluq əlaqələrini genişləndirməkdir.
O həmçinin, proqram çərçivəsində ingilis dili müəllimlərinə yardımçı olmaqla yanaşı, "Conversation Class" (Danışıq dərsi) aparmağı, Amerikanın tarixi, mədəniyyəti, incəsənəti və milli bayramların keçirilməsi, SDU-da bakalavr pilləsi üzrə ingilis dili müəllimliyi, magistr pilləsi üzrə Dilşünaslıq ixtisası olduğuna görə həm müəllimlər, həm də tələbələr üçün müxtəlif təqdimatlarla çıxış edəcəyini söylədi.
Qeyd edək ki, 2014-2015-ci illərdə bu proqram üzrə təmsilçi Dana Donohyu universitetimizdə olmuş və bir çox layihələr həyata keçirmişdir.
Mətbuat xidməti