Gəncə Dövlət Universitetində "UNİVİA - Beynəlxalq əlaqələr sahəsində idarəçiliyin inkişaf etdirilməsi və təkmilləşdirilməsi" adlı Tempus layihəsi çərçivəsində görüş keçirildi. Görüşdə layihənin koordinatoru olan Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşları, universitetimizin Beynəlxalq Əməkdaşlıq şöbəsinin mütəxəssisi , eləcə də Bakı Dövlət Universitetinin və Naxçıvan Dövlət Universitetinin nümayəndələri yerli və beynəlxalq səfərlərdə qazandıqları təcrübələrini bölüşdülər. Layihədə iştirak edən Beynəlxalq Əməkdaşlıq şöbəsinin mütəxəssisi Samirə Məmmədova bildirdi ki, koordinatorluğunu Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərlik etdiyi “UNİVİA” layihəsi Böyük Britaniya, İspaniya, İtaliya, Ukrayna, Qırğızıstan, Tacikistan kimi ölkələrin daxil olduğu 19 tərəfdaşdan ibarətdir. Azərbaycandan isə layihədə adı çəkilən 4 universitet və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfdaş qismində iştirak edirdi. Onu da qeyd etdi ki, iki gün davam edən görüşdə layihənin 3 illik dövrü ərzində Avropa universitetlərində mütəmadi olaraq təlimlərdə qazanılmış təcrübə müzakirə olundu, gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti