Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində 21 sentyabr-“Beynəlxalq Sülh Günü” ilə əlaqədar tədbir keçirildi.
Rektor professor Elxan Hüseynov tədbiri açaraq qonaqları salamladı, 1982-ci ildən bəri bütün dünyada qeyd olunan “Sülh Günü” nün tarixi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı.Bu gün təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsi olan Azərbaycan 20 ildən artıqdır ki, müharibədən əziyyət çəkir, bir milyondan artıq vətəndaşı öz el-obasından didərgin düşüb.
Ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra, hər şeydən əvvəl, böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ildə atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunmasına baxmayaraq Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin heç birinə əməl etmir və atəşkəsin pozulması halları tez-tez qeydə alınır... Bu gün güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür... bu yolda ölkə rəhbərliyinin ətrafında sıx birləşməyi diqqətə çatdırdı.
Sonra çıxış edən Fəlsəfə və hüquq kafedrasının müdiri professor Həsən Sadıqov 21 sentyabr BMT tərəfindən Beynəlxalq Sülh Günü kimi qəbul olunmuşdur”, Avropa və Amerika ölkələri tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Müasir dünya siyasətində sülh problemi”, Azərbaycan tarixi kafedrasının müdiri dosent Əmirxan İsayev “Sülh- müharibə və zorakılığın qarısını alan ümumbəşəri və mənəvi dəyərdir”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri dosent, şair-publisist Avtandil Ağbaba “Azərbaycan ədəbiyyatında sülhün tərənnümü”, Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Aysel Şıxəhmədova “Multikulturalizm və sülhün təbliğində gənclərin rolu” mövzularında çıxış edərək sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və vətəndaşların sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd etdilər. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunaraq bidirdilər ki, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə apardığı siyasətin nəticəsində torpaqlarımızı hərb yolu ilə azad etməyə qadirik, lakin sülhsevər xalq kimi xalqları sülhə çağırırıq.
Mətbuat xidməti