Sentyabrın 28-də İsrailli və amerikalı biokimyaçı və biofizik professoru, Nobel mükafatı laureatı Arye Varşel və xanımı Tami Varşel Sumqayıt Dövlət Universitetində qonaq oldular. Öncə universitetin rektoru, professor Elxan Hüseynov qonaqları salamladı, universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi və ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri barədə məlumat verdi. Dəyirmi masa ətrafında keçən görüşdə universitetimizin beynəlxalq layihələrdə qazanılan uğurlardan həmçinin, xarici universitetlərlə qarşılıqlı əməkdaşlıqdan bəhs etdi. Bildirdi ki, 2015-ci ildən Azərbaycan tərəfdən Azərbaycan - Rusiya Universitetləri Assosiasiyasının həmsədridir, elmi əlaqələrimiz günü-gündən genişlənir, hazırda bir çox ali məktəblərdə müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atılır. Rektor Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin 3 ixtisası Avropa akkreditasiya agentliyinin (ASİİN) sertifikatına layiq görülməsi barədə məlumat verdi. Həmçinin, “Mevlana Mübadilə Proqramı”na qoşulduğunu, TEMPUS layihələrində uğurla iştirakını qonaqların diqqətinə çatdırdı. Sonra Nobel mükafatı laureatı Arye Varşelin professor-müəllim və tələbə heyəti ilə görüşdü. Rektor professor Elxan Hüseynov qonaq haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, Arye Varşel 1940-cı ildə Israilin Sde-Naxumki yaşayış məntəqəsində anadan olub. 1962-ci ildə Hayfadakı Texnion Universitetinə daxil olub. Taleyini elmə bağlayan alim İsrailin Veysman İnstitutunda kimyəvi fizika üzrə magistr dərəcəsi və fəlsəfə doktoru elmi dərəcəsi alaraq Harvard Universitetində staj keçmişdir. Sonra Vaysman Universitetinə qayıdaraq 1974-cü ilədək orada çalışmışdır. 1974-1976-cı illərdə Kembric Universitetində Molekulyar biologiya laboratoriyasında işləmişdir. O, 1976-cı ildən Cənubi Kaliforniya Universitetinin kimya fakültəsində çalışır, 1984-cü ildən bu universitetin professordur.
Görüşdə Nobel mükafatı laureatı professor Arye Varşel tələbələr aldığı mükafatla bağlı məlumat verdi və slayd vasitəsilə mühəzirə oxudu. Bildirdi ki, kimyəvi və bioloji sistemlərin molekulyar modelləşdirilməsinin müasir metodlarının əsasını yaratdığı üçün bu mükafata layiq görülüb. Professor həmçinin, Azərbaycana üçüncü dəfə gəlişindən və ölkəmizin sürətli inkişafından bəhs etdi. Sabah V Bakı Beynəlxalq Humanitar Forumda iştirak edəcəyini və hər gəlişində Azərbaycan elminin yüksək nailiyyətlərinin şahidi olduğunu diqqətə çatdırdı. Onu da vurğuladı ki, “Ölkənin gələcəyini təmin edən siz gənclər qarşınıza məqsəd qoyaraq mənim kimi ali mükafata layiq görüləsiniz”.
Nobel mükafatı laureatı professor Arye Varşelin səmimi çıxışı tələbələrdə xoş təəssürat yaratdı.
Mətbuat xidməti