Belə görüşlərin keçirilməsi tələbələrimizin elmi potensialının inkişaf etdirməsinə böyük təkan olacaq.
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun professoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı oktyabrın 21-də universitetimizdə texnikiyönümlü fakültənin magistr və doktorantlarına “Topoloji izolyatorların kimyası və materialşünaslığı” mövzusunda məharət dərsi keçdi. Kimya və biologiya fakültəsinin dekanı, dosent Mahal Muradov qonağı salamladı, universitetimizdə görməkdən məmnun olduğunu bildirdi. Qeyd etdi ki, rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə artıq universitetimiz bir çox elm ocaqları ilə yaxından əməkdaşlıq edir, müəllim və tələbə mübadiləsi həyata keçirir, tanınmış alimlər universitetimizə gəlir, müxtəlif mövzularda mühazirələr oxuyurlar. Dekan Azərbaycan təhsilinin uğurlarından, son islahatlardan danışaraq qeyd etdi ki, ali təhsil ocaqları əsasən məzunları və elmi nailiyyətləri ilə tanınır. Belə görüşlərin keçirilməsi tələbələrimizin elmi potensialının inkişaf etdirməsinə böyük təkan olacaq.
Professor Məhəmməd Babanlı Sumqayıt Dövlət Universitetinin professor-müəllim və tələbə heyətini salamladı, dəvət üçün dərin təşəkkürünü bildirdi. O, mühazirəsində topoloji izolyatorların kəşfinin əhəmiyyətindən danışaraq bu kəşfin bərk cisimlərin kvant fizikasında yeni eranın əsasını qoyduğunu bildirdi. Müxtəlif materialları və ya səthləri ayıran inter-səthlərin rolu, spin-polyarlaşmanın yaradılması və ölçülməsi, spin-koherentliyinin uzun müddət saxlanılması problemlərinin həllinə yönəlmiş bu tədqiqatların yeni spintronik tətbiqlər üçün fundamental əhəmiyyət kəsb etdiyi vurğuladı. Alim qeyd etdi ki, mövcud problemlərin həlli topoloji izolyatorlar materiallarının yeni nəsil spintronikada, kompyuter texnologiyasında praktiki tətbiqinə yol açır.
Görüşdə professor dinləyicilərin çoxsaylı suallarını cavablandırdı.
Mətbuat xidməti