Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” filmi nümayiş olundu
Yerləşdirilmə tarixi : 25 Oktyabr 2016 15:49
Universitetimizdə dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” filmi nümayiş olundu

Oktyabrın 25-də universitetimizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olundu. 
Tədbirdə universitetin Humanitar Məsələlər üzrə  prorektor dosent Nizami Namazov çıxış edərək ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı üçün hər cür şəraitin yaradıldığını, Azərbaycanın tolerantlıq mərkəzi kimi tanındığını bildirərək, Azərbaycanda dövlət-din münasibətlərinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırdı. Ölkəmizdə tarixən müxtəlif millətlərin nümayəndələri birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşılıb, bu gün də  dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin fəaliyyəti Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Prorektor onu da vurğuladı ki, universitetimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ilə bağlı sərəncamından irəli gələn vəzifələrin icrası, həmçinin Azərbaycan xalqının zəngin multikultural və tolerantlıq ənənələrinin təbliği, eyni zamanda dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə silsilə tədbirlər təşkil edilir. Elə “Fitnə” filminin nümayişi də gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından olduqca əhəmiyyətlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri  Şirin  Cəfərov dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirdi ki, bununla bağlı respublikanın bütün bölgələrində çoxsaylı seminarlar, görüşlər keçirilir, həmçinin, müxtəlif kitab və digər çap materialları nəşr edilərək yayılır. Bu səbəbdən də Dövlət Komitəsi dini radikalizmlə mübarizə çərçivəsində radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” adlı sənədli film hazırlayıb. Filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır. Şirin  Cəfərov bu sahədə gənclərə dəyərli tövsiyələr verərək, gənclərin ekstremist təmayüllü dini cərəyanlara qoşulmaması üçün  mili-mənəvi dəyərlərə, dövlətinə bağlı olmasının önəmini vurğuladı.
Sonra film ətrafında müzakirələr aparıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az