Sumqayıt Gənclər Evində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun "E-tullantılar Qutusu” adlı layihəsi çərçivəsində tədbir keçirildi. Layihə şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının və Sumqayıt Gənclərinin Sağlam Gələcəyi Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə reallaşdı.
Seminarda çıxış edən layihə rəhbəri Elvin Gülməmmədov informasiya-kommnukasiya texnologiyaları vasitələrinin insanların həyatında önəmli rol oynamaqla yanaşı, bir çox problemlər də meydana çıxardığı, bunlar sırasında elektron tullantılarında xüsusi yeri olduğunu bildirdi. O layihə çərçivəsində belə tullantıların ətraf mühitə, atmosferə, insan sağlamlığına vura biləcəyi zərərlərdən danışdı və bunların qarşısını almaq üçün maarifləndirmə işinin aparılmasının vacib olduğunu vurğuladı.
Eldar Müzəffərov tərəfindən keçirilən interaktiv seminarda kompüter texnikası, enerji daşıyıcılarının, batereyaların və.s ətraf mühitə atılmasından təbiətin və atmosferin necə zəhərləndiyi geniş izah olundu.
Sonda şəhərin bir neçə tullantı platformalarına "Elektron Tullantı” adlı qutular qoyuldu və könüllü gənclərlə birgə layihə çərçivəsində çap edilmiş maarifləndirici xarakterli bukletlər sakinlərə paylanıldı.
Mətbuat xidməti