Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Müəllim-tələbə münasibətləri: pedaqoji və psixoloji aspektlər” mövzusunda oktaybrın 27-də Respublika elmi konfransı keçirildi. Konfransda respublikamızın bir çox ali təhsil müəssisələrinin görkəmli alimləri iştirak etdilər.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Elxan Hüseynov qonaqları salamladı və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurlara imza atılır. Dövlətimiz sürətlə inkişaf edir, müasirləşir. İstər iqtisadi, istərsə də elm, təhsil sahəsindəki inkişaf ölkəmizin nüfuzunu artırır. Bu gün Respublikamızın təhsil sistemində aparılan məzmun və keyfiyyət dəyişiklikləri, təhsilin bütün pillələrində baş verən yeniləşmələr ali təhsilin də təkmilləşdirilməsini bir zərurət kimi qarşıya qoyur. 2009-cu ildə qəbul edilmiş “Təhsil qanunu”, 2010-cu ildə qəbul edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”, 2013-cü ildə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası kimi dövlət sənədlərinin qəbulu ali təhsildə aparılan islahatlara təkan vermişdir. Strategiya insan kapitalına, insan amilinə önəm vermiş şəxsiyətyönümlü təhsilin məzmununun yaradılmasını strateji hədəf kimi seçmişdir. Sənəddə təhsilverənlərlə təhsilalanlar arasında pedaqoji münasibətlərin gələcək vətəndaşın, şəxsiyyətin formalaşmasında mühüm amil olduğu bir müddəa kimi irəli sürülmüşdür. Bu mövqedən çıxış edərək problemin aktuallığını, müəllim-tələbə münasibətlərində mövcud olan çatışmazlıqları, onların aradan qaldırılması və bunun tədris-tərbiyə prosesinə mənfi təsirini nəzərə alaraq belə bir mövzuda konfrans keçirməyi məqsədəuyğun hesab etdik. Müəllim-tələbə münasibətləri pedaqogika, psixologiya elminin geniş tədqiqat tələb edən sahəsidir. Rektor onu da qeyd etdi ki, pedaqoji səmərəliliyi müəllim-tələbə münasibətlərinin demokratik və humanist prinsiplər üzərində qurulmasından daha çox asılıdır. Təcrübə göstərir ki, demokratik üslubda qurulan müəllim-tələbə münasibətlərinin tərbiyəvi təsiri daha güclü olur. Müəllim tələbəyə şəxsiyyət kimi, gələcək mütəxəssis kimi baxmalı, etibar etməli, hörmət və tələbkarlıqla yanaşmalı, müsbət nümunə göstərməlidir.
Rektor təhsilimizin inkişafında xüsusi xidməti olan Təhsil naziri cənab Mikayıl Cabbarova konfransın yüksək səviyyədə təşkilinə görə universitetin kollektivi adından dərin təşəkkürünü bildirdi və konfransın gedişinə uğurlar arzuladı.
Konfransda Qafqaz Universitetinin professoru, pedaqogika üzrə elmlər doktoru, Əməkdar müəllim, Əjdər Ağayev “Müəllim-tələbə münasibətləri: yeni yanaşmalar”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, psixologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyev “Qloballaşma şəraitində müəllim-tələbə münasibətləri və onların psixoloji xüsusiyyətləri”, Sumqayıt Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Tariyel Məmmədov “Klassik Azərbaycan mütəfəkkirlərinin yaradıcılığında müəllim-tələbə münasibətləri” mövzularında məruzələrlə çıxış edərək bildirdilər ki, ali məktəbdə çalışan müəllimlər vəzifəsindən, elmi dərəcəsindən asılı olmayaraq, tələbələrlə dostluq mövqeyinə üstünlük verməli, rəftarında, səmimiyyətində ideal müəllim səviyyəsini qorumalıdırlar. Ümumiyyətlə, hər bir işinin ustası olan müəllim tələbəni təlim fəaliyyətinə cəlb etməyi bacarmalı, ona tədris etdiyi fənni sevdirməklə öyrənməyə sövq etməyin səmərəli yollarının axtarışında olmalıdır. Unudulmamalıdır ki, ali məktəblər tələbələrə yalnız informasiyanın ötürüldüyü tədris müəssisələri deyil, həm də onlara biliklərin müstəqil qazanılması üçün istiqamətlərin verildiyi ali təhsil ocaqlarıdır. Tələbələrə ən vacib təlim materialını öyrətməklə müəllim həm də dərs prosesində tələbəyə qanunauyğunluqları üzə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı, nəticə çıxara bilməyi və əsl tədqiqatçı olmağı öyrətmək yolunda bələdçi olmalıdır.
Məruzələr ətrafında maraqlı fikir mübadiləsi aparıldı. Konfrans işini bölmələr üzrə davam etdirdi.Qeyd edək ki, konfransa 20-dək ali təhsil müəssisəsindən 185 tezis təqdim olunmuşdur. Bu məqalələr konfrans materialları toplusu şəklində dərc olunaraq tədbir iştirakçılarına paylanıldı.
Mətbuat xidməti