Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Mənim həyat yolum
Yerləşdirilmə tarixi : 25 Oktyabr 2016 15:52
Mənim həyat yolum

Tərcümeyi halı ilə tarix yaratmaq, acılı-şirinli xatirələrinə söykənmək, ata-ana niskilində, qohumlarının himayəsində yaşamaq talehin sərt sınaqlarına baxmayaraq vətəndaş kimi yetişmək vətəndaş olmaq hər kəsə nəsib olmur.
Professor Həsən Sadıqovun adı gələndə hər kəs onu təkcə müəllim, filosof, alim, ictimai xadim, elm ağsaqqallı kimi xatırlamır. Onu xalq müəllimi kimi qəbul etməklə yanaşı, Sumqayıtın və Sumqayıt Dövlət Universitetinin yeriyən  canlı tarixi, klassikləşən müasirimiz kimi ehtiramını saxlayır.
88 illik ömür kitabının altun səhifələrini müəllim, alim, ictimai xadim kimi zinətləndirmək Həsən müəllimin Ümumilli liderimiz Heydər Əliyevin azərbaycançılıq, dostluq, qardaşlıq məfkurəsinə sədaqətlə xidmət edən talehinə represiyalardan, müharibələrdən pay düşsə də ləyaqətini qoruyan , tarixi şəxsiyyətlərdən, ömrünü şəhərimizin və universitetimizin  inkişafına şam kimi əridən mütəfəkkirlərdəndir. Həyatının mənasını dostluqda, qardaşlıqda, xeyirxahlıqda görən, ruhunu, duyğusunu, illərin təcrübəsindən əldə etdiyi biliyini yetirmələrinin ruhuna köçürən, Vətəndən, Vətənə təmənnasız xidmətdən müqəddəs peşə  tanımayan professor Həsən Sadıqovun ömründən ötən hər il təkcə onun özü,  doğmaları üçün deyil, kollektivimiz, professor müəllim heyətimiz, ölkənin intellektual potensialının inkişafına töhfələr verən yeni yaddaşı ilə tarixin canlı səhifəsi olan universitetimiz üçün də qiymətlidir. 55 illik yubileyinə hazırlaşan universitetimizdən bir il öncə, onun təməlinin qoyulduğu 1962-ci ildən bu il, tədris məbədinə könül verən professor Həsən Sadıqovun tərcümeyi halının düz əlli altı ili, müəllim, alim kimi məhz onunla bağlıdır. Ömrünün pöhrə çağından 32 yaşından məbədimizə bağlanan fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi, kafedra müdiri, ən əsası sözün gerçək mənasında xalq müəllimi kimi müqəddəs zirvələrə ucalan, bar verdikcə başını aşağı tutub kölgəsində minlərlə insana mərifət dərsi keçən professor Həsən Sadıqovunun həyatının hər bir əlamətdar günü universitet rəhbərliyi tərəfindən təntənə ilə qeyd olunur.
Bu günlərdə Fəlsəfə elmləri doktoru, professor, Əməkdar müəllim Həsən Sadıqovun “Mənim həyat yolum” kitabının təqdimat mərasimi keçirildi. 
Rektor professor Elxan Hüseynov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamladı və universitetin qocaman aliminin kitabının işıq üzü görməsi münasibətilə kitabın müəllifi Həsən Sadıqovu təbrik etdi. Bildirdi ki, kitabda professorun keşməkeşli, mürəkkəb, ziddiyyətli ömür yolu, əldə etdiyi uğurlar fotoşəkillərlə öz əksini tapıb. 
Rektor qeyd etdi ki, kitabı vərəqlədikcə hiss edirsən ki, Həsən müəllimi elmi-pedaqoji fəaliyyətə aparan yola məhz çalışqanlığı və yüksək intizamlılığıdır. 
Şərəfli ömür yolu keçmiş Həsən Sadıqovun ən böyük xidmətlərindən biri də Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədovla  birgə Sumqayıt hadisələrinin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə  ərsəyə gətirdikləri  "Sumqayıt: milli əsarət, ya milli səxavət?" adlı kitabı olmuşdur.Həsən Sadıqovu kollektiv adından tədrik edir, möhkəm cansağlığı və yaradıcılıq uğurları arzu edirəm.
Sonra Elm və innovasiya üzrə prorektor professor Ramazan Məmmədov, Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev, professor Əziz Məmmədov və digər natiqlər çıxış edərək xoş arzularını çatdırdılar.
Sonra kitabın müəllifi Həsən Sadıqov  tədbirin yüksək səviyyədə təşkilinə görə  universitetin rektoru, professor Elxan Hüseynova dərin təşəkkürünü bildirdi. 
Kitabını yazarkən keçirdiyi hisslərdən danışan müəllif  qeyd edir: Mən ömür yolumun qısa salnaməsini ona görə yazmaq qərarına gəldim ki, gənclər, tələbələr onu oxusunlar, ağır və ziddyyətli həyatın sərt qanunları ilə üzləşərkən qorxmasınlar, mübariz olsunlar.bütün canlıların alisi və yer üzünün memarı olan insan hər hansı çətinliyi dəf etməyə qadirdir. Məni 88 ildən sonra özüm haqqında xatirə kitabı yazmağa əziz və sədaqətli qələm yoldaşım filologiya elmləri doktoru, professor Ramazan Məmmədov vadar etdi. Dostumun dəyərli məsləhətini qəbul etdim və təfəkkürümündən silinməyən xatirələrin cüzi bir hissəsini oxuculara çatdırmağı özümə borc bildim... çünki yaddaşımda universitetlə bağlı xatirələrim bitib-tükənməz xoş izlər buraxıb. Bu gün universitetdə minlərlə tələbə, aspirant, magistrant, doktorant, professor-müəllim və köməkçi heyətini gördükdə qəlbim fərəflə dolur. Axı, biz 1961-1962-ci tədris ilində ilk dəfə 50 nəfərlik hazırlıq qrupundan başlamışdıq. Bəli, bu, mənim gündən-günə inkişaf edən və gözəlləşən doğma universitetimdir.
Məni fərəhləndirən həm də odur ki, universitetim indi elə bir inkişaf səviyyəsinə qalxmışdır ki, dünənki tələbələrim və aspirantlarım bu gün onun mühüm sahələrinə  rəhbərlik edirlər, Məsələn Natiq Talıbov – Tədris işlər üzrə prorektor, Naib Hacıyev  - İqtisadi məsələlər üzrə prorektor, Ulduz Ağayev –Mühəndislik fakültəsinin dekanı, Tamilla Əhmədova – Fizika və elektroenergetika fakültəsinin dekanı, Musa Mustafayev – kafedra müdiri, Zahid Quliyev- kafedra müdiri, Qurban Abdullayev- kafedra müdiri və s. universitetdə elə bir kafedra yoxdur ki, orada tələbəm olmuş dosent və müəllimlər olmasın. Mənim unversitetimi indi tələbələrim idarə edir.
2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə mənə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” şərəfli fəxri adı verilmişdir.
Universitetdə elmi-pedaqoji fəaliyyətimi  hələ də davam etdirmək üçün xüsusi diqqət və qayğıya görə rektor professor Elxan Hüseynova böyük minnətdarlığımı bildirirəm. Bir sözlə, bu gün burada çıxış edən hər kəsə təşəkkür edirəm. 
Təqdimat mərasiminin sonunda professor Həsən Sadıqovun
müəllifi olduğu “Mənim həyat yolum “kitabından tədbir iştirakçılarına hədiyyə verildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az