Noyabrın 2-də Sumqayıt şəhərində yerləşən Sumqayıt Dövlət Dram Teatrında ikinci Azərbaycan Elm Festivalının təntənəli açılış mərasimi oldu, tədbir Sumqayıt Dövlət Universitetində təşkil olunmuş elmi-populyar mühazirələrlə öz işini davam etdirdi.
Qeyd edək ki, festival AMEA-nın təşəbbüsü, UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin dəstəyi ilə keçirilir.
Foyedə təşkil olunmuş sərgidə Sumqayıt Dövlət Universitetinin fakültələri ilə yanaşı, digər müəssisələr də öz elmi nəticələrini nümayiş etdirdilər.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Teymur Səmədov Sumqayıt şəhərində keçirilən II Azərbaycan Elm Festivalı münasibətilə hər kəsi təbrik etdi, qonaqlara Azərbaycanın təhsil sistemi, bu sahədə aparılan islahatlar, tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verdi, Ulu öndər Heydər Əliyevin bütün sahələrə olduğu kimi, elm, təhsil sahəsinə göstərdiyi qayğısından danışdı. Natiq onu da qeyd etdi ki, iri sənaye mərkəzi olan Sumqayıt şəhəri strateji bir məkan kimi hər zaman ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. O, hakimiyyətdə olduğu illərdə bu şəhərin inkişaf prosesində şəxsən iştirak etmiş, ona daim qayğı göstərmişdir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyevin məqsədyönlu daxili və xarici siyasəti nəticəsində bu gün müstəqil Azərbaycanın bütün sahələri intensiv inkişaf etməkdədir.
Festivalda Milli Məclisin Komitə sədri, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, “Azərikimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini Vüqar Kərimov , AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov çıxış edərək, elm festivalının keçirilməsinin gənclərin elmə marağının artırılması, elmi nailiyyətlərin inteqrasiya edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar və festivalın işinə uğurlar arzuladılar.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov ümummilli lider Heydər Əliyevin elmin inkişafındakı xidmətlərindən danışaraq bildirdi ki, dahi rəhbərin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər, “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2016-cı il tarixli Fərmanı, bütövlükdə, Azərbaycan elminin inkişafına böyük töhfə verib.
Bu gün ölkəmizdə təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün, demək olar ki hər cür şərait yaradılmışdır. Respublikamızda həyata keçirilən "Sabahın alimləri" müsabiqəsi barədə də qonaqları məlumatlandıran rektor bu müsabiqənin ölkəmizdə yüksək biliyə və bacarığa, yaradıcılığa malik nümunəvi məktəblilərin üzə çıxarılmasında, tanınmasında əhəmiyyətli rol oynadığını bildirdi. Qeyd etdi ki, Müsabiqəyə elmi dəstəyin verilməsi Azərbaycan Respublikası Təhsil Naziri cənab Mikayıl Cabbarov tərəfindən Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetinə tövsiyyə edilmişdir. Seçilmiş şagirdlər universitetimizin professor-müəllim heyəti ilə birgə müəyyən olunmuş ixtisaslar üzrə öz elmi layihələrini hazırlayaraq, müsabiqədə fəal iştirak edirlər. Bununla yanaşı hər il tələbələrimiz Respublika və Beynəlxalq konfranslarda, simpoziumlarda, müsabiqələrdə iştirak edir, bu da elmə, elmi tədqiqatlara olan marağı daha da artırır. Rektor onu da bildirdi ki, universitetimiz AMEA-nın bir çox İnstitutları ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalamışdır. Bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyi və Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin rəhbərliyi ilə Sumqayıt Dövlət Universiteti və Polimer Materialları İnstitutu arasında uzun illər aparılmış elmi əməkdaşlığın səviyyəsini, səmərəliliyini artırmaq məqsədi ilə SDU ilə PMİ-nin birgə Elm və Tədris Mərkəzinin açılışı oldu. İnanıram ki, Mərkəzin də yaradılması yüksək ixtisaslı peşəkar kadrların yetişməsinə təkan olacaqdır.
Rektor ikinci Azərbaycan Elm Festivalının keçirilməsinin elmimizin bugünkü nailiyyətlərinin geniş ictimaiyyətə çatdırılmasında, gənclərin elmi fəaliyyətə və elmi-tədqiqat işlərinə cəlb edilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
Daha sonra festival çərçivəsində universitetimizdə SDU-da təmsilçiləri ilə yanaşı, PMİ-nin nümayəndələrinin müxtəlif elmi mövzulara dair mühazirələri dinlənildi.
Sumqayıt Dövlət Univesitetinin professoru Cavanşir Məmmədov “ Müasir dövrdə ali təhsil müəssisələrində elmi texnoloji parkların rolu”, professor Rafiq Yusifoğlu “Həyat həqiqəti və bədii həqiqət”, dosent İslam Paşayev “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin perspektivləri”, dosent Səvvarə Rzayeva “Materiya və Hiqqs zərrəciyi”, dosent Cavid Məmiyev “Müasir dünyada multikulturalizm dəyərləri”, dosent Zərifə Dəmirova “Distant təhsilin üstünlükləri” professor Dursun Aşurov “Kimya elminin insan həyatında rolu ”, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin kapitanı Qorxmaz Həsənov “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları”, AMEA Polimer materialları İnstitutunun kimya elmləri doktoru, Nüşabə Qurbanova “Nanoelm, nanotexnologiya nanopolimerlər”, AMEA Polimer materialları İnstitutunun nümayəndəsi Gülnarə Qasımova “Əqli mülkiyyətin əsasları və innovasiya ” mövzusunda təqdimatlarla çıxış etdilər.
Tədbirin bədii hissəsi universitetin Böyük Akt zalında ABŞ-ın “Acidic Band” musiqi qrupunun ifası ilə davam etdirildi.
Mətbuat xidməti