Dekabr  ayının 2-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Qızıl Aypara cəmiyyəti  Sumqayıt şöbəsinin və Sumqayıt Dövlət   Universitetinin  təşkilatçılığı ilə  1 dekabr Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbir keçirilmişdir. 
  Tədbiri  giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru Nizami Namazov  açaraq tədbir iştirakçılarını universitetin rəhbərliyi adından salamladı. O,  qeyd etdi ki, QİÇS deyilən xəstəlik   artıq bütün dünyanı caynağına alan bəlaya çevrilib. Bu xəstəliyin çox qədim  tarixi olmasına baxmayaraq, əslində keçən əsrin 80-ci illərindən başlayaraq  kütləvi şəkil alıb. Hal-hazırda dünya əhalisinin 35 milyondan çoxu bu xəstəliyin  daşıyıcısıdırlar. Ölkəmizdə də  4500-dən  çox bu xəstəliyin daşıyıcıları var. Bu tədbiri keçirməkdə məqsəd gənclərimizin  bu xəstəliyi qarşı çox diqqətli və ayıq-sayıq olmalarıdır. 
  Sumqayıt  şəhər Qızıl Aypara Cəmiyyətinin təlimatçıları Nərgiz Əhmədova və Mirvari  Quliyeva öz çıxışlarında qeyd etdilər ki, QİÇS(spid) qazanılmış immun  çatışmazlığı sindromu xəstəliyidir. O, insan immunçatışmazlığı virusu HİV ilə  yoluxması nəticəsində əmələ gəlir. Bu virus əsasən insanın xəstəliklərə müqavimətini  təmin edən immun sistemini zədələyir. Nəticədə bu virusla yoluxan şəxsin bir  müddət bütün xəstəliklərə qarşı müqaviməti zəifləyir. Müəyyən müddətdən sonra  isə virus insan orqanızminin müqavimətini tam məhv edir və o ən adi  mikroorqanizmlər və bədxassəli şişlər qarşısında aciz qalır. QİÇS adlanan bu mərhələdə  ən adi bir xəstəlik də çox ağır bir fəsadlara gətirib çıxararaq ölümlə nəticələnə  bilər. Bu xəstəliyin yaş həddi yoxdur. Xəstəliyə yoluxmamaq üçün hər bir  insan məlumatlı olmalı, xüsusən də müalicə  olunarkən, tibbi alətlərdən istifadə də qan köçürülməsi zamanı, diş fırçası və  üzqırxanlardan istifadədə  və xüsusən  qadınlar gözəllik salonlarında diqqətli və ehtiyatlı olmalıdır.
  Tədbirdə  QızılAypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin   sədri Mətanət Məhərrəmova və Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin  gənclərlə iş  sektorunun baş məsləhətçisi  Ceyhun Hüseynov da iştirak etdi. 
  Sonda tədbir iştirakçılarına QİÇS-lə bağlı  slayd nümayiş olundu. Tədbirdən sonra Azərbaycan  Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə mübarizə Mərkəzinin heyəti  tərəfindən universitetin tələbələri və əməkdaşları müayinədən keçdilər.
Mətbuat xidməti