Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Dövlət Bayrağı Gününə həsr olunmuş möhtəşəm tədbir keçirildi
Yerləşdirilmə tarixi : 08 Noyabr 2016 15:34
SDU-da Dövlət Bayrağı Gününə həsr olunmuş möhtəşəm tədbir keçirildi

Noyabr ayı Azərbaycan Respublikasının dövlətçilik tarixi üçün böyük əhəmiyyət daşıyan aydır. Çünki bu ayın təqviminə dövlətçiliyimizlə bağlı mühüm tarixi günlər yazılıb. 9 noyabr - Dövlət Bayrağı Günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü. Hər üç bayram dövlət səviyyəsində, respublikamızın bütün yerlərində olduğu kimi Sumqayıt Dövlət Universitetində də böyük təntənə ilə qeyd edilir.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə rektor professor Elxan Hüseynov açaraq tədbir iştirakçılarını təbrik etdi və ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin qorunmasındakı xidmətlərindən, onun üçrəngli bayrağımıza verdiyi dəyərdən söhbət açdı. Bildirdi ki, dövlət müstəqilliyimizin elan olunmasından əvvəl, sovet hakimiyyətinin hələ mövcud olduğu bir dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvanda üçrəngli Azərbaycan bayrağını ucaltmışdı. Belə ki, 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışından sonra, 1990-cı il noyabrın 17-də ulu öndərin rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.   1991-ci il fevralın 5-də ölkə ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti "Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək üçrəngli bayrağa  Azərbaycan Respublikasının dövlət bayrağı statusunu vermişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirdi. Azərbaycan Respublikası Prezidentinin “ Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Bakının Bayıl qəsəbəsində dünyanın ən hündür bayraq dirəyi inşa edildi. Bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirir.
Rektor Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasından, hər bir Azərbaycan vətəndaşı üçün yaratdığı imkanlardan və Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən danışaraq bildirdi ki, əgər 17 noyabr hadisələri olmasaydı, 1991- ci ilin 18 oktyabr- Azərbaycan müstəqilliyi olmazdı. Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçmişdir. Rektor çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalmış torpaqlarımızın tezliklə azad olunmasını və Azərbaycan Bayrağının Qarabağda, Xankəndində, Şuşada dalğalanmasını arzuladı.
Bayram tədbiri incəsənət ustalarının və universitetin özfəaliyyət kollektivinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az