Bu gün Sumqayıt Dövlət Universiteti öz kadr potensialının əldə etdiyi nailiyyətlərlə yüksələn pillələrlə addımlayır. Rusiya və dünyanın bir sıra nüfuzlu universitetləri ilə əməkdaşlığı, universitetlər arasında tələbə və müəllim təcrübələrinin mübadiləsi də belə uğurların görünən tərəflərindəndir. Universitetimizin beynəlxalq əməkdaşlıq sahəsində atdığı növbəti uğurlu addımlardan biri də “Mövlanə Mübadilə Proqramı”na qoşulmasıdır. Bununla da tədris və elm mərkəzimiz Türk dünyasına qovuşmuş oldu. Qeyd edək ki, Türkiyənin daxili və xarici təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirən “Mevlana Değişim Proqramı” çərçivəsində Sumqayıt Dövlət Universiteti ilə Türkiyənin Adıyaman, Çankırı Karatekin Universiteti, Nevşehir Hacı Bektaş Veli Universiteti, Necmettin Erbakan Universiteti, Sakarya Universiteti, Adnan Menderes Universiteti arasında mübadilə protokolları imzalanmışdır. Protokollar çərçivəsində SDU-nun Azərbaycan dili və dilçilik kafedrasının baş müəllimi Ceyhunə Hüseynova proqramda iştirak etmək hüququ qazanaraq Adnan Menderes Universitetində təcrübə mübadiləsinə dəvət olunmuşdur. Seminarda Ceyhunə Hüseynova Sumqayıt toponimi haqqında hazırladığı elektron material və universitetimizin tanıtım çarxını təqdim etmişdir. Həmçinin Fənn- Ədəbiyyat bölümündə tədris olunan bir çox dərslərdə dinləyici olmuş, Prof. Dr. Ahmet Nahmedov, Doç. Dr. Hasan Gültekin, Doç. Dr. Yasemin Mumcu və digər müəllimlərin mühazirələrində iştirak etmişdir. Daha sonra Prof. Dr. Ahmet Nahmedov mühazirələrini Ceyhunə Hüseynovayla bölüşmüş, əməkdaşımız “ Türk dillərində şəxs adlarının linqvistik xüsusiyyətləri” və “Toponimlərin türk arealı” mövzusunda dərslər vermişdir. Ceyhunə Hüseynova Adnan Menderes Universitetində keçirilən tədbirdə iştirak etmiş, universitetin rektoru, Prof. Dr. Cavit Bircanla görüşərək universitetimizin bayrağını ona təqdim etmiş və təmsil etdiyi universitetin fəaliyyət istiqamətləri haqqında məlumat vermişdir.
Əməkdaşımız səfər çərçivəsində “Toponimlərin Azərbaycan və Aydın paralelliyi” mövzusunda kiçik araşdırma aparmaq məqsədilə “Tralleis”, “Efes” antik kəndlərinə səyahət etmiş, “Üç göz”, Quş adasında “Gövercin kalesi” və “Karvansaray” kimi tarixi abidələrdə olmuşdur. Həmçinin Adnan Menderes Universitetinin Beynəlxalq şöbə əməkdaşları ilə universitetlərarası “Erasmus” və “Mevlana” proqramlarının genişləndirilməsi mövzusunda müzakirələrə qatılmış, birgə tədqiqatlar aparmaq məqsədi ilə “Erasmus” proqramlarının “ K-107” projesini gerçəkləşdirmək təklifini universitetimizə gətirmişdir. Ceyhunə Hüseynova Adnan Menderes Universitetinin Mevlana Kurum Koordinatoru Prof. Dr. Talip Kabadayı tərəfindən təqdim olunmuş sertifikatla vətənə dönmüşdür.
Mətbuat xidməti