Şərəf və qürur mənbəyimiz olan Dövlət Bayrağı Günü ölkəmizin bütün regionlarında olduğu kimi, Sumqayıtda da təntənəli şəkildə qeyd olundu. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının nümayəndələri, millət vəkilləri, şəhər rəsmiləri, universitetimizin professor-müəllim və tələbələri, ictimaiyyət nümayəndələri, “N” saylı hərbi hissənin əsgərləri və minlərlə şəhər sakini iştirak etdilər.Şəhərin müxtəlif istiqamətlərindən başlayan bayraq yürüşü şəhər İcra Hakimiyyətinin qarşısında olan Sumqayıt şəhər Bayraq meydanında başa çatdı. Minlərlə şəhər sakininin qoşulduğu “Bayraq yürüşü” şəhərin 3 müxtəlif istiqamətindən: Sumqayıt bulvarından, Heydər Əliyev Mərkəzinin qarşısından və Sülh küçəsindən başladı.
Yürüş iştirakçıları əllərində üçrəngli bayrağımızla şəhərin Bayraq meydanına doğru hərəkət etdilər. Tədbirdə Dövlət Bayrağının rəmzi mənalarına toxunuldu, onun milli-mənəvi dəyərlərindən söz açıldı. Bildirildi ki, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeridir.
Bayraq meydanında başa çatan yürüş konsert proqramı ilə davam etdi.
Mətbuat xidməti