Layihənin məqsədi gəncləri maarifləndirməklə yanaşı, milli-mənəvi dəyərləri təbliğ etməkdən ibarət idi.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sarı gəlin” tamaşası nümayiş olundu.Əvvəlcə qonaqlar teatrın foyesində “Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış oldular.Tamaşada “Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanmış videoçarx təqdim edildi. Videoçarxda “Sarı gəlin” layihəsinin elmi rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadənin mahnının yaranma tarixi barədə təqdim etdikləri faktlar müsahibəşəklində diqqətə çatdırıldı.
Sonra 150-yədək tələbə və aktyorun iştirakı ilə hazırlanmış “Sarı gəlin” tamaşası nümayiş olundu. Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar və səhnə əsəri böyük maraqla qarşılandı. Qeyd edək ki, tamaşanın rejissoru əməkdar artist Nicat Kazımovdur. Layihənin reallaşdırılmasının məqsədi gəncləri Azərbaycanın milli-mədəni irsi və tarixi barədə məlumatlandırmaq, adət və ənənələrin qorunub saxlanılması və təbliğ edilməsindən ibarətdir. Tamaşa böyük uğurla başa catdı.Layihədə Sumqayıt Dövlət Universitetinin rəqs kollektivi müvəffəqiyyətlə çıxış edərək sertifikata layiq görüldü. Onuda vurğulayaq ki, Azərbaycan Gənclər və İdman Nazirliyi universitetin rektoru professor Elxan Hüseynova layihənin gerçəkləşməsində göstərdiyi köməyə görə dərin minnətdarlığını ifadə etdi və təşəkkür məktubu ünvanladı.
Mətbuat xidməti