Cavid əfəndiyə həsr olunan silsilə tədbirlər universitetimizdə xüsusi təntənə və məhəbbətlə qeyd olunmaqda davam etdi.Noyabrın 17-də ədibin yaradıcılığına həsr olunmuş tədbirdə universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək bildirdi ki, Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdəndir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onun ölməz əsərləri xalqımızın milli irsi və sərvəti olaraq qalmaqdadır. Bu dahi sənətkarın ədəbi irsini öyrənmək təbliğ etmək bizim hər birimizin borcudur.Yaradıcılığa şeirlə başlayan Cavid ilk pyesi "Ana"nı 1910-cu ildə yazmışdı. 1937-ci ilə kimi bir-birinin ardınca 20-dən çox pyes yazan qüdrətli sənətkarımız Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoydu. "Maral", "Şeyx Sənan", "Uçurum", "Şeyda", İblis", "Afət", "Peyğəmbər", "Topal Teymur", "Knyaz", "Səyavuş", "Xəyyam", "İblisin intiqamı", "Atilla", "Koroğlu" ssenarisi, yarımçıq "Azər" poeması və başqa əsərlər ədəbiyyatımızın inciləri sayılır.Hüseyn Cavidin böyük istedadı, sənətkarlığı, öz xalqına mənən bağlılığı yaradıcılığına əbədiyaşarlıq qazandırdı. Buna görə də Hüseyn Cavid kimi işıqlı şəxsiyyətlər həmişə xatırlanacaq. Rektor onu da vurğuladı ki, Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir.Məhz 1982-ci ildə Ulu Öndərin təşəbbüsü və qətiyyəti nəticəsində onun məzarı sürgün olunduğu Rusiyanın İrkutsk vilayətindən doğulub boya-başa çatdığı Naxçıvana köçürüldü. 1981-ci ildə Naxçıvanda, 1995-ci ildə isə Bakıda ev-muzeyləri yaradıldı. 1996-cı ilin oktyabrında isə böyük şairin anadan olmasının ildönümündə Hüseyn Cavid məqbərəsi ucaldılaraq xalqın müqəddəs ziyarətgahına çevrildi. Bu gün ölkəmizdə ümummilli lider Heydər Əliyevin siyasi kursu bütün istiqamətlərdə uğurla davam etdirilir, o cümlədən ədəbi-mədəni inkişafın daha da yüksəlişinin təmin olunması üçün hərtərəfli tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və məqsədyönlü fəaliyyəti digər sahələrdə olduğu kimi, ədəbiyyat, incəsənət və mədəniyyətə münasibətdə də öz bəhrəsini verir.
Filologiya üzrə fəlsəfə doktoru Törə Məmmədova Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Bildirdi ki, ədibin əsərləri ədəbiyyatımızın qürur və iftixarı olmaqla yanaşı, onun bütün yaradıcılığı və fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil etməkdən ibarətdir.
Daha sonra tədbirdə Filologiya fakültəsinin III kurs tələbələrinin ifalarında ədibin “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər” əsərlərindən səhnəciklər nümayiş olundu, “Bənim Tanrım”, “Bən istərim ki...”, “ Get ” və digər şeirlər səsləndirildi. Tələbələrimiz “Qız məktəbində” şeirini böyük məharətlə səhnələşdirdilər. Tədbirdə Hüseyn Cavid yaradıcılığı ilə dünya ədəbiyyatının böyük yazarlarından olan ingilis şairi Corc Bayron və alman şair-dramaturqu Yohann Hötenin və s. şairlərin yaradıcılıqları müqayisə edilərək qeyd olundu ki, onların yaradıcılığı xalqa xidmət etməkdən ibarət olubdur. O da xüsusi ilə vurğulandı ki, Azərbaycan ədəbiyyatının dünya miqyasında böyük şöhrət və əhəmiyyətindən danışarkən cənab İlham Əliyev demişdir: “Ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynayıb. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik”.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının professoru, şair Rafiq Yusifoğlu Hüseyn Cavidin yaradıcılığını vərəqləyərək ulu öndər Heydər Əliyevin ədiblərimizə göstərdiyi diqqət və qayğıdan, tələbələrin Azərbaycan poeziyasına vurğunluğundan qürurla danışdı. Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri dosent Yusif Aslanov müəllifi olduğu “Cavidin söz dünyası” adlı kitabını rektor professor Elxan Hüseynova təqdim etdi və Hüseyn Cavidin xatirəsini yaşatmaq, gələcək nəsillərə çatdırmaq üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu bildirdi.
Tədbir Hüseyn Cavid yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşdı.
Mətbuat xidməti