Əməkdaşlıq müqavilələrinin imzalanması, kadr potensialının möhkəmlənməsinə, professor-müəllim heyətinin mübadiləsinə, tələbələrin təcrübəsinin artırılmasına təkan verməklə yanaşı məzunların karyera qurmaq istiqmətində nailiyyətlərinin artmasına da təkan verir. Qurulan hər bir əlaqə, imzalanan hər bir müqavilə münasibətlərin gələcək perspektivlərini müəyyən edir. Noyabrın 17-də Sumqayıt Dövlət Universitetində universitetlə "Azərişıq" ASC-nin arasında elmi-texniki və tədris sahəsində əməkdaşlıq yaratmaq məqsədi ilə işgüzar görüş keçirildi.
Görüşdə rektor professor Elxan Hüseynov qonağı salamladı və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi, imzalanacaq sənədin hər iki tərəf üçün əhəmiyyətini nəzərə çatdırdı. Rektor rəhbərlik etdiyi universitetin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verdi, bu ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan söhbət açdı.
Azərişıq”ASC Tədris Mərkəzinin direktoru Vüqar Əliyev təmsil etdiyi qurumda həyata keçirilən yeniliklər barədə danışdı və imzalanacaq müqavilənin gələcəkdə məzunlar üçün çox böyük imkanlar yaradacağını vurğuladı.
Görüşdə SDU-nun professor-müəllim heyəti ilə “Azərişıq” ASC arasında tədris və texniki işləri sahəsində tədris mübadiləsinin aparılması, əməkdaşların ixtisas səviyyəsinin artırılması məqsədilə kursların təşkili, qarşılıqlı əməkdaşlıq şəraitində hər iki tərəfin elmi-texniki və tədris bazalarının yaradılması, uyğun ixtisaslar üzrə bakalavrların istehsalat təcrübələrinin, uyğun ixtisaslaşmalar üzrə isə magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili, yeni ixtisaslar üçün texniki ədəbiyyatların işlənməsində professor-müəllim heyəti ilə əməkdaşlıq, beynəlxalq əlaqələr üzrə həyata keçirilən layihələrdə “Azərişıq”ASC – nin tərəfdaş kimi iştirak etməsi, professor-müəllim heyətinin “Azərişıq”ASC-də məsləhətçi qismində işə cəlb olunması və keyfiyyətli kadr hazırlanmasında əməkdaşlıq kimi məsələlər ətraflı müzakirə olundu.
Mətbuat xidməti