1993-cü ildə Ulu Öndərimiz böyük qayıdışı ilə milli dövlətçilik tariximizdə dövlət dil siyasətini gerçəkləşdirməklə ana dilimizin tədrisi, təbliği istiqamətində yeni mərhələnin əsasını qoydu. Noyabrın 24 –də Sumqayıt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu ilə birgə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.
Konfransda dünyanın bir çox ölkələrindən, respublikamızın Elmi-Tədqiqat İnstitutlarından və ali məktəblərindən dəvət olunmuş dilçi-alimlər iştirak etdilər.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq qonaqları salamladı, universitetimizdə görməyindən məmnunluğunu ifadə etdi və çıxışında Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun rəsmi dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər, dünya diplomatiyası sahəsində tətbiqi və nüfuz qazanmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırdı. Bildirdi ki, 1969-cu ildə Azərbaycana rəhbər seçilən görkəmli dövlət xadimi Heydər Əliyev bütün maneələrə baxmayaraq, ana dilinin inkişafı üçün mühüm tədbirlər həyata keçirdi. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər rəsmi dövlət tədbirlərində Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri nümayiş etdirdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilinin tədrisi, ana dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Məhz dahi rəhbərin prinsipiallığı və qətiyyəti sayəsində 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dövlət dili statusu əldə etdi. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi.Ulu Öndərin müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi ilk günlərdən etibarən yeni tarixi şəraitin ruhuna və tələblərinə uyğun olaraq, Azərbaycan dilinə göstərilən diqqət və qayğı həm siyasi, həm də praktik baxımdan fərqlənirdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə fərmanları sayəsində ədəbi dilimizin fəaliyyət sahəsi daha da genişləndi, onun müxtəlif üslublarının potensialı bir daha aşkar edildi, bütövlükdə, dil mədəniyyətimizin qarşısında yeni üfüqlər açıldı. Dahi rəhbər yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dövlətinin, həm də Azərbaycan dilinin nüfuzu yüksəldi. Rektor onu da vurğuladı ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Rektor onu da qeyd etdi ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edildi. Ardınca isə 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan dili Günü təsis olundu. Ümumiyyətlə, dünyanın böyük liderləri içərisində, o cümlədən türk dünyasında Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Bu amilin çox böyük əhəmiyyəti var. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Amma Ulu öndər Heydər Əliyev bunu milli dəyər səviyyəsinə qaldırdı. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin həyata keçirilməsi və kitabxanalara pulsuz paylanması bunun parlaq göstəricisidir. Təqdirəlayiq haldır ki, Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Prezident cənab İlham Əliyev 2012-ci il 23 may tarixdə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın hazırlanması barədə sərəncam imzaladı. Bu Proqramın təsdiq olunması mənəviyyatımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm dönüş oldu. Bir sözlə Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
Azərbaycan dilinin tədqiqi, təbliği istiqamətində görülən mühüm işlərə, qarşıda duran vəzifələrə həsr olunan konfransın plenar iclasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü professor, Möhsün Nağısoylu “Müstəqillik dövründə dil siyasəti”, REA-nın (Rusiya Elmlər Akademiyası) akademiki, filologiya elmləri doktoru Nikolay Kazanski “Korpus dilçiliyi və filologiya” , Türkiyə Hacettepe Universiteti, Türk dili və ədəbiyyatı bölümünün müdiri, professor, doktor Şükrü Akalın “İşarə dili müasir dilçiliyin aktual problemlərindən biri kimi”, SDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov “Xarici dilin linqvodidaktik təsviri təcrübəsindən”, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın “Azərbaycan dilinin terminologiyasında nizamasalma prosesi” mövzularında məruzələri dinlənildi.
Konfrans işini bölmə iclaslarında davam etdirdi. Ədəbi dil və dil normaları qloballaşma şəraitində mövcud vəziyyət və problemlər, Kütləvi İnformasiya Vasitələrinin dili, Müqayisəli dilçilik, dillərin linqvodidaktik təsviri, üslubiyyat və semantika və digər mövzularda müzakirələr aparıldı. Qeyd edək ki, dərc olunmuş Konfrans Materialları Toplusu iştirakçılara paylanıldı.
Mətbuat xidməti