Elxan Hüseynov: Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Ölümü ilə ölümsüzlüyə qovuşan, dünyasını dəyişdiyi 12 dekabr 2003-cü il tarixini belə, xalqının birlik, bütövlük rəmzinə, simvoluna dönən, Fəxri Xiyabanın Fəxri sakininə çevrilən, dövlət-xalq, lider-varis münasibətlər sistemində əbədiyaşarlıq qazanan, Azərbaycançılıq məfkurəsi ilə hər bir azərbaycanlının qürur mənbəyi olan Ulu Öndərimiz Azərbaycan xalqı var olduqca olacaq, hər birimizi Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir nidasına inandıracaq!
Sumqayıt Dövlət Universitetində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı silsilə tədbirlər keçirilməkdədir. Fakültələrdə təşkil olunan ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş anım tədbirləri və inşa yazı müsabiqəsi də bu qəbildəndir.Bu tədbirlərin davamı olaraq dekabrın 8-də Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü qeyd olundu.
Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə çiçəklər düzdü, əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Heydər Əliyev mərkəzində təşkil olunan tədbiri giriş sözü ilə açan rektor professor Elxan Hüseynov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on üç il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, böyük istedadı ilə fərqlənən xarizmatik liderin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirdi. Qeyd etdi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Rektor, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin Heydər Əliyevin adı ilə, eyni zamanda 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində xüsusi ilə təhsil istiqamətində aparılan islahatlarda əldə edilmiş möhtəşəm nailiyyətlərin dahi şəxsiyyətin müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu diqqətə çatdıraraq qeyd etdi ki, onun qurduğu Azərbaycan əbədi yaşayacaqdır. Dövlətimizin başçısı cənab İlham Əlievin rəhbərliyi ilə qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoş sabahlara doğru aparır.
Tədbirdə Azərbaycan tarixi kafedrasının dosenti Elmar Xəlilovun “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda məruzəsi, Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqovun, Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Əli Miriyevin, Fizika və elektroenergetika fakültəsinin II kurs tələbəsi Nicat Hüseynovun çıxışları dinlənildi. Natiqlər ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən bəhs etdilər. Bildirdilər ki, Ulu öndərin qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqın son ümid yeri Heydər Əliyev idi. SSRİ dövlət təhlükəsizliyi sistemində sıravi işçidən rəhbər vəzifəyə kimi yüksəlmiş ilk azərbaycanlı olan Heydər Əliyev sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları üçün mümkün olan bütün işləri gördü. Sovet rejiminin sərt qanunlarına baxmayaraq Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, mənfur qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Natiqlər vurğuladılar ki, Ulu öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirərək qeyd edirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Çıxışçılar onu da vurğuladılar ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir.
Anım mərasimində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin həyatının, irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə tələbələr arasında «Ən yaxşı məqalə» müsabiqəsində yer tutan qaliblələr rektor, professor Elxan Hüseynov tərəfindən pul mükafatı və Fəxri Fərmanlarla təltif olundular.
Sonda ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilmiş “Xalqa bağışlanan ömür” adlı sənədli film nümayiş olundu.
Mətbuat xidməti