Dekabrın 22-də Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin hesabat - seçki konfransı keçirildi. Konfransı Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov açaraq ali təhsil ocağının hərtərəfli inkişafından, TEC-in fəaliyyətindən, əhəmiyyətindən və bu işdə tələbələrin rolundan danışdı. Bildirdi ki, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasını, elmi axtarışlar aparılmasını və əlaqələndirilməsini Tələbə Elmi Cəmiyyəti layiqincə yerinə yetirir. Bu da tələbələrin elmi potensialını, yaradıcılığını üzə çıxartmaq və onlarda elmə maraq oyatmaq üçün bir stimuldur. Bu gün Azərbaycan Respublikası özünün yüksək inkişaf mərhələsini yaşayır, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük uğurlar qazanılır. Ulu öndər Heydər Əliyevin başladığı islahatları uğurla həyata keçirən Prezident cənab İlham Əliyev həmişə təhsilin inkişafını diqqət mərkəzində saxlayır və bu, hal-hazırda təhsilimizin inkişafının prioritet istiqamətlərindəndir. Məhz dövlətin gənclərə göstərdiyi dəstək və diqqət Azərbaycan gəncliyində özünə, gücünə və istedadına inam hissini artırır. Bu gün tələbələrimiz beynəlxalq və elmi konfranslarda uğurlu çıxışları ilə universitetimizin, dövlətimizin şərəfini ucaldırlar. Prorektor onu da qeyd etdi ki, universitetimiz dünyanın bir çox universitetləri ilə əməkdaşlıq edir. Bu müqavilələr çərçivəsində birgə layihələr yerinə yetirilir, tələbə – müəllim mübadilələri həyata keçirilir, birgə konfranslar və işçi görüşlər təşkil olunur. Bununla yanaşı, universitetimiz bir sıra beynəlxalq assosiasiyaların da üzvüdür. Professor Ramazan Məmmədov çıxışının sonunda bütün tələbələrə uğurlar arzuladı və yeni seçiləcək heyətə xoş arzularını çatdırdı.
TEC-in Şura sədri Zəmilə Abdullayeva TEC-in illik hesabatı barədə ətraflı məlumat verdi. Konfransda universitet üzrə TEC-in rəhbəri dosent İslam Paşayev TEC-in fəaliyyətinin uğurlarından bəhs edərək bildirdi ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Elə TEC-in başlıca məqsədi istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Dosent İslam Paşayev çıxışında tələbələrə elmi işlə ciddi məşğul olmağı tövsiyə etdi.
Konfransda Riyaziyyat fakültəsindən Ofeliya Səfərova, Fizika və elektroenergetika fakültəsindən Tofiq Adıgözəlov, Kimya və biologiya fakültəsindən Günel Rəhimova, Mühəndislik fakültəsindən Amirə Quluzadə, Tarix və coğrafiya fakültəsindən Turkan Yıldız, İqtisadiyyat və idarəetmə fakültəsindən Saleh Musayev, Filologiya fakültəsindən Vüsal Şəbizadə çıxış etdilər.
Konfrans işini TEC-in Şura üzvlərinin seçkisi ilə yekunlaşdırdı.
Mətbuat xidməti