Biologiya gecəsi tələbələrin marağına səbəb oldu
Flora və faunanın qorunması bu gün bəşəriyyəti düşündürən ən ciddi problemlərdəndir. Onun həlli hər kəsdən, hər bir dövlətdən asılı olduğu kimi, həm də, maarifçilik tədbirlərinin gerçəkləşməsi, cəmiyyətin diqqətini bu məsələyə cəlb olunması ilə bilavasitə bağlıdır. Dekabrın 20-də Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə "Biologiya gecəsi” keçirildi. Biologiya gecəsinin keçirilməsində də məqsəd ekoloji problemlər, bitki və heyvanat aləminin həyatımızda rolu, bütün bunlar haqqında maraqlı faktlar, vətənpərvərlik ruhunu aşılamaqdan ibarət idi.
Tədbirdə iştirak edən rektor, professor Elxan Hüseynov bildirdi ki, gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi, güclənməsi üçün müxtəlif layihələr, gecələr, müsabiqələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərlə bağlı imzaladığı bütün rəsmi sənədlərdə gənclərin intellektual səviyyəsinin yüksəldilməsi məsələsi önə çəkilir. Rektor ölkədə aparılan gənclər siyasətinin hədəfləri barədə məlumat verərək, gənclərin bu siyasətin həyata keçirilməsində fəal iştirakını qeyd etdi, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırdı. Vurğuladı ki, Azərbaycan gəncliyi bütün dövrlərdə öz savadı, istedadı ilə seçilib.
Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov qeyd etdi ki, belə gecələrin keçirilməsi tələbələrin fənlərə marağını artırır və biliklərə daha dərindən yiyələnməsinə kömək edir.
Gecədə İDEA İctimai Birliyinin Azərbaycan və bütövlükdə regionda ətraf mühitin, flora və faunanın qorunmasına dair həyat keçirdiyi uğurlu layihələrin ekoloji əhəmiyyəti vurğulandı. Sonda tələbələr şeirlər, mahnılar, rəqslər ifa etdilər və səhnəciklər göstərdilər.
Mətbuat xidməti